Qazaxda “Qalib Lider, Güclü Gənclik” layihəsi çərçivəsində bilik yarışı keçirilib

Qazax Olimpiya İdman Kompleksində gənclər arasında bilik yarışı təşkil olunub. Tədbir Gənclər Fondunun dəstəyi ilə “Qalib Lider, Güclü Gənclik” layihəsi çərçivəsində baş tutub.

115

27 dekabr 2025-ci il tarixində Qazax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi tərəfindən icra olunan “Qalib Lider, Güclü Gənclik: İlham Əliyev və Azərbaycanın Zəfər Tarixi” layihəsi çərçivəsində  gənclərin iştirakı ilə bilik yarışı təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Yarışda “Zəfər”, “Qarabağ”, “Xarıbülbül”, “Azər”, “Xudayar”, “Şuşa”, “Uğur” və “Turan” adlı səkkiz komandanın tərkibində ümumilikdə 46 nəfər gənc iştirakçı bilik və bacarıqlarını nümayiş etdirib.

Tədbirdə çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihənin məqsədləri, əhəmiyyəti və donor qurum olan Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi barədə iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderlik fəaliyyətinin gənclər arasında təbliği, milli ruhun və vətənpərvərlik hissinin gücləndirilməsidir.

Daha sonra çıxış edən Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Əziz Məsmalıyev Azərbaycan Ordusunun gücü, milli birliyin əhəmiyyəti və şəhidlərimizin göstərdiyi qəhrəmanlıq nümunələri haqqında danışıb. O, gəncləri vətənə sədaqət, dövlətçilik dəyərlərinə bağlılıq ruhunda fəaliyyət göstərməyə çağırıb, elmə önəm verməyin və sağlam həyat tərzi sürməyin vacibliyini vurğulayıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışının nəticələrinə əsasən “Xarıbülbül” komandası birinci yerə, “Zəfər” komandası ikinci yerə, “Şuşa” komandası isə üçüncü yerə layiq görülüb. Qalib komandalar medal, diplom və hədiyyələrlə mükafatlandırılıb.

Tədbir iştirakçıların xatirə şəkli çəkdirməsi ilə yekunlaşıb.