Nepalda keçmiş reper baş nazirliyə namizəd olur: Gənclərin etirazları siyasi səhnəni dəyişir

Katmandu meri və keçmiş reper Balendra Şah martın 5-də keçiriləcək seçkilərdə baş nazirliyə namizəd olacaq. Gənclərin etirazlarından sonra Nepalda siyasi balans dəyişir.

96

Nepalda parlament seçkiləri ərəfəsində iki populyar siyasi fiqurun yaratdığı yeni ittifaq ölkənin son 30 ildən çoxdur siyasətinə nəzarət edən ənənəvi partiyalar üçün ciddi çağırış kimi qiymətləndirilir. Analitiklərin və partiya rəsmilərinin bildirdiyinə görə, bu ittifaq martın 5-də keçiriləcək seçkilərdə köhnə siyasi elitanın mövqelərini sarsıda bilər.

Keçmiş reper və hazırda Katmandu meri olan, “Balen” ləqəbi ilə tanınan Balendra Şah bazar günü Rastriya Svatantra Partiyasına (RSP) qoşulub. Partiyaya keçmiş televiziya aparıcısı, hazırkı siyasətçi Rabi Lamiçhane rəhbərlik edir.

Razılaşmaya əsasən, 35 yaşlı Balendra Şah, RSP martın 5-də keçiriləcək parlament seçkilərində qalib gələrsə, baş nazir postunu tutacaq. 48 yaşlı Lamiçhane isə partiya sədri olaraq qalacaq.

Hər iki lider sentyabr ayında geniş yayılmış korrupsiyaya qarşı baş verən və əsasən “Z nəsli”  tərəfindən təşkil olunan etirazlarda səsləndirilən tələbləri həyata keçirməyə söz verib. Həmin etirazlar zamanı 77 nəfər həlak olmuş, nəticədə Baş nazir K.P. Şarma Oli istefa vermişdi.

Siyasi analitik Bipin Adhikari bu addımı RSP üçün strateji qərar adlandırıb:

“Bu, RSP-nin Balen və onun gənc tərəfdarlarını öz sıralarına cəlb etməsi baxımından son dərəcə ağıllı və düşünülmüş addımdır. Ənənəvi partiyalar gənc elektoratını RSP-yə uduzmaq qorxusu yaşayır.”

Seçki Komissiyasının məlumatına görə, 30 milyon əhalisi olan Nepalda təxminən 19 milyon nəfər səsvermə hüququna malikdir. Etirazlardan sonra seçici siyahılarına, əsasən gənclərdən ibarət, təxminən 1 milyon yeni seçici əlavə olunub.

Balendra Şah sentyabr etirazlarından sonra diqqət mərkəzinə düşüb və rəsmi şəkildə elan olunmasa da, aksiyalara rəhbərlik edən gənclərin simvolik lideri kimi qəbul edilib. O, həmçinin seçkilərə nəzarət edəcək müvəqqəti hökumətin — keçmiş Ali Məhkəmə sədri Suşila Karkinin rəhbərlik etdiyi kabinetin formalaşmasında rol oynayıb.

Bununla belə, bəzi tənqidçilər Şahın etirazlar zamanı açıq ictimai çıxışlardan çəkinərək əsasən sosial şəbəkələr vasitəsilə tərəfdarlarına müraciət etməsini sual altına alıblar.

Son onilliklərdə Nepal siyasətində əsas güc mərkəzləri olan Nepal Kommunist Partiyası (Birləşmiş Marksist-Leninistlər – UML)Nepal Konqresi partiyaları hakimiyyəti əsasən birgə bölüşüblər. Analitiklər hesab edir ki, məhz Balen və Lamiçhanenin ittifaqı bu partiyalar üçün əsas təhlükədir.

RSP 2022-ci il seçkiləri ərəfəsində yaradılıb. Rabi Lamiçhane televiziya aparıcısı kimi apardığı anti-korrupsiya kampaniyaları sayəsində geniş populyarlıq qazanıb. Hazırda o, kiçik əmanətçilərdən kooperativlər vasitəsilə toplanan vəsaitlərin mümkün sui-istifadəsi ilə bağlı iş üzrə zaminə buraxılıb.

Nepal Konqresi Partiyasının sözçüsü Prakaş Şaran Mahat isə bildirib ki, həm Balen, həm də Lamiçhane “mübahisəli fiqurlar”dır və onların ittifaqının seçkilərə ciddi təsir göstərəcəyi ehtimalı azdır.

“Bu ittifaqın ciddi siyasi sarsıntı yaradacağını düşünmürəm. Seçicilər yenə də köhnə və təcrübəli partiyalara üstünlük verəcəklər,” – deyə Mahat Reuters-ə bildirib.