Çinin ali hərbi rəhbərliyində mühüm fiqurlardan biri olan general Zhang Youxianın istintaqa cəlb olunması ABŞ-da Pekinin hərbi idarəetmə sistemi ilə bağlı ciddi narahatlıqlar yaradıb.
Çin prezidenti Si Cinpinin rəhbərlik etdiyi Mərkəzi Hərbi Komissiyanın sədr müavini olan Zhang Youxianın vəzifədən kənarlaşdırılması Vaşinqton üçün Çinin silahlı qüvvələri ilə əlaqələrdə əsas kanallardan birinin itirilməsi deməkdir. ABŞ-ın sabiq rəsmiləri və analitiklər bildirirlər ki, bu hadisə Çin Xalq Azadlıq Ordusunda təcrübəli və sabit komandanların sayının azalmasına dair narahatlıqları daha da artırıb.
Çin Müdafiə Nazirliyi şənbə günü Zhang Youxianın korrupsiya ilə mübarizə çərçivəsində araşdırıldığını açıqlayıb. Bu addım Si Cinpinin son illərdə ölkənin hərbi elitasına qarşı apardığı genişmiqyaslı təmizləmələrin ən yüksək səviyyəli nümunələrindən biri hesab olunur. ABŞ rəsmiləri qeyd edirlər ki, Zhang Youxia Vaşinqton üçün yaxşı tanınan və etibarlı bir fiqur idi və onun mövcudluğu iki ölkə arasında hərbi səhvlərin və yanlış hesablamaların qarşısının alınmasında mühüm rol oynayırdı.
Zhang Youxia Çinin siyasi sistemində müdafiə nazirindən daha yüksək mövqedə dayanırdı və ABŞ-la birbaşa dialoq qura bilən nadir Çin generallarından biri idi. Xüsusilə, Nensi Pelosinin Tayvana səfərindən sonra 17 ay ərzində demək olar ki, tamamilə dayandırılmış hərbi əlaqələrin yenidən qurulmasında onun rolu xüsusi vurğulanır. ABŞ-ın sabiq müdafiə rəsmilərinin fikrincə, Zhang Vyetnamla 1970-ci illərin sonlarında baş vermiş müharibədə döyüş təcrübəsi olan azsaylı Çin generallarından biri kimi, Si Cinpinə ordunun real imkanları və münaqişənin insan itkisi barədə obyektiv məsləhətlər verə bilirdi.
Analitiklər xəbərdarlıq edirlər ki, Zhang Youxianın kənarlaşdırılması Si Cinpinin yalnız onu razı salan məlumatları verən çevrədən məsləhət almaq riskini artırır və bu, xüsusilə Tayvan məsələsində yanlış hesablamalara yol aça bilər. ABŞ administrasiyası rəsmi mövqedən məsələ ilə bağlı şərh verməkdən yayınsa da, Vaşinqtonun əsas narahatlığı Çinin sürətlə modernləşən ordusu fonunda etibarlı dialoq mexanizmlərinin zəifləməsidir. Mütəxəssislərin fikrincə, Pekində ali hərbi rəhbərlikdə baş verən bu dəyişiklik regional təhlükəsizlik balansına da təsirsiz ötüşməyə bilər.