“Karo”, “Omeqa”, “Nərimanov” – Ermənistan gündəmi “agent skandalı” ilə çalxalanır.

Ermənistan MTX arxiyepiskop Ezras Nersisyanın 1986–1988-ci illərdə KQB ilə əməkdaşlıq etdiyini və “Karo” kod adı daşıdığını təsdiqlədi. Mövzu Serj Sarqsyanla bağlı köhnə agentura iddialarını yenidən gündəmə gətirdi.

136

“Karo”, “Omeqa”, “Nərimanov”….Ermənistan gündəmi “agent skandalı” ilə çalxalanır.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) “Civic.am”-ın sorğusuna cavab olaraq açıqlayıb ki, Erməni Apostol Kilsəsinin rəhbəri Katolikos II Qareginin (Ktrıç Nersisyan) qardaşı, hazırda həbsdə olan arxiyepiskop Ezras Nersisyan sovet dövründə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi (KQB) ilə əməkdaşlıq edib.

MTX-nin rəsmi məlumatına əsasən, Ezras Nersisyan 1986–1988-ci illərdə KQB ilə işləyib və ona “Karo” kod adı verilib. Xidmətin açıqlamasında bildirilir ki, arxiyepiskop hazırda da xarici dövlətlərin xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqələr saxlayır. Bu fakt MTX tərəfindən məxfilikdən çıxarılmış rəsmi sənədlərlə təsdiqlənib.

Açıqlama Ermənistan cəmiyyətində ciddi rezonans doğurub və kilsə rəhbərliyinin ailə üzvlərinin milli təhlükəsizliklə bağlı fəaliyyəti mövzusunu yenidən gündəmə gətirib.

MTX açıqlamasından sonra, Baş nazir Nikol Paşinyan və həyat yoldaşına məxsus “Haykakan Jamanax” qəzeti Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın da sovet dövründə KQB ilə “Nərimanov” kod adı altında əməkdaşlıq etdiyini yazıb.  Jurnalistin, Katolikosun qardaşı ilə bağlı bu məlumatların onun rəsmi fəaliyyəti dövründə məlum olub-olmaması barədə sualına Sarqsyan belə məlumatlara malik olmadığını bildirib. Sarqsyan qeyd edib ki, nə MTX-yə rəhbərlik etdiyi dövrdə, nə də prezident olduğu illərdə bu cür məlumatlarla tanış olmayıb və ümumiyyətlə, kimin KQB və ya digər xüsusi xidmətlərlə əməkdaşlıq etməsi onu maraqlandırmayıb.

O, əlavə edib ki, sovet dövründə xüsusi xidmət orqanları ilə əməkdaşlıq özlüyündə avtomatik olaraq mənfi hal kimi təqdim edilməməlidir və bu cür məlumatlar açıqlanarkən ictimaiyyətə bütün detallar verilməlidir. Əks halda, bu addımların başqa, qeyri-qanuni məqsədlər güdə biləcəyini iddia edib.

Sarqsyanın bu mövqeyi mediada və siyasi dairələrdə agentura fəaliyyətinə dolayısı ilə haqq qazandırma kimi şərh olunub. Mənbələrə görə, bu məsələ hələ 2016-cı ildə Ermənistan parlamentində bir sıra qanun layihələrinin müzakirəsi zamanı deputatlar arasında kəskin mübahisələrə səbəb olmuş, Sarqsyanın KQB agenti kimi fəaliyyəti açıq şəkildə gündəmə gətirilmişdi.

MTX-nin açıqlaması fonunda Serj Sarqsyanın özü ilə bağlı “Nərimanov” kod adı iddiaları da yenidən xatırladılıb. Bu məsələ xüsusilə 2016-cı ildə Ermənistan parlamentində “Lüstrasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı gündəmə gəlmişdi.

Həmin dövrdə deputat Zaruhi Postanciyan Sarqsyanın sovet dövründə KQB agenti olduğunu, “Nərimanov” kod adı daşıdığını və anti-erməni siyasətində iştirak etdiyini iddia etmişdi. Onun sözlərinə görə, Sarqsyan Bakıda yerləşən Zaqafqaziya Komsomol Məktəbində təhsil alıb və bu təhsil ocağı KQB üçün kadr hazırlayan əsas mərkəzlərdən biri olub.

2018-ci ildə, “məxməri inqilab”dan bir neçə gün əvvəl Postanciyanın rəhbərlik etdiyi “Yerkir Tsirani” partiyası Sarqsyanın Ermənistanın milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərməsi ilə bağlı baş prokurorluğa rəsmi müraciət də ünvanlamışdı.

Media arxivlərinə görə, bu iddialar daha əvvəl də mütəmadi şəkildə gündəmə gətirilib. 2012-ci ildə “ilur.am” saytı Sarqsyanın sovet dövründə Azərbaycan SSR DTK-sı ilə əlaqəli olduğunu və erməni fəallar haqqında məlumat topladığını yazmışdı.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da müxtəlif çıxışlarında Sarqsyanın KQB agenti olması ilə bağlı iddiaları dolayı yolla təsdiqləyən fikirlər səsləndirib.

Serj Sarqsyan isə indiyədək yalnız Boris Kevorkovun köməkçisi olması ilə bağlı iddiaları təkzib edib, lakin “Nərimanov” kod adı məsələsinə dair heç vaxt rəsmi izahat verməyib.

Qeyd edək ki, son illərdə Ermənistan parlamentində sovet və postsovet agentura keçmişi ilə bağlı gərgin mübahisələr yaşanıb. 2022-ci ildə müxalif deputat Anna Mkrtçyan xarici işlər naziri Ararat Mirzoyanı “Omeqa” kod adı ilə Türkiyə xüsusi xidmət orqanlarına agentlikdə ittiham etmiş, Mirzoyan isə cavabında ona “Nərimanova salam göndərməyi” tövsiyə etmişdi.

Analitiklər hesab edirlər ki, MTX-nin Ezras Nersisyanla bağlı rəsmi açıqlaması Ermənistanın siyasi və dini elitasının keçmişi ilə bağlı daha geniş miqyaslı ifşaların başlanğıcı ola bilər.