Misir, Qəzzada müharibədən sonrakı təhlükəsizlik sisteminə inteqrasiya edilmək üçün yüzlərlə fələstinli polis əməkdaşını hazırlayır. Bu barədə məlumatı fələstinli rəsmilər AFP-yə təsdiqləyib.
Misirin xarici işlər naziri Bədr Əbdülətti avqust ayında Fələstin Baş naziri Məhəmməd Mustafayla görüşdə ümumilikdə 5,000 polis əməkdaşının hazırlanması planını açıqlamışdı.
Məlumata görə, ilk 500 nəfərlik qrup mart ayında Qahirədə təlim keçib, sentyabr ayından etibarən isə iki aylıq təlim kursları bərpa edilərək yeni qruplar qəbul olunub. Bütün polis əməkdaşlarının Qəzza zolağından olması və maaşlarının Ramallahda yerləşən Fələstin Administrasiyası tərəfindən ödənilməsi nəzərdə tutulur.
26 yaşlı təlim iştirakçısı AFP-yə bildirib: “Təlimdən çox razıyıq. Biz davamlı sülh istəyirik və ölkəmizə xidmət etməyə hazırıq.”
Digər bir leytenant isə müasir sərhəd nəzarəti avadanlıqları, əməliyyat hazırlığı və 2023-cü il oktyabrın 7-də başlayan müharibənin təhlükəsizlik nəticələri üzrə xüsusi tədris keçdiklərini deyib.
Təlimlərin əsas məqamlarından biri də Fələstin Azadlıq Təşkilatının (FAT) fələstinlilərin yeganə legitim təmsilçisi olduğunu vurğulamaq və gələcək suveren Fələstin dövlətinin qurulması məqsədinin qorunmasıdır.
Fələstin Administrasiyasından bir yüksək vəzifəli şəxs təsdiq edib ki, Prezident Mahmud Abbas bu prosesin Misirlə koordinasiya olunması üçün daxili işlər naziri Ziyad Həb ər-rixə göstəriş verib.
Misirin vasitəçiliyi ilə keçirilən danışıqlarda Fəth, HƏMAS və digər hərəkatlar 10 min nəfərlik ortaq polis qüvvəsi barədə razılığa gəliblər. Bunun 5 min nəfərini Misirdə hazırlanmış yeni əməkdaşlar, digər 5 minini isə Qəzzadakı mövcud polis qüvvəsi təşkil edəcək. Qüvvəyə texnokratlardan ibarət birgə komitə nəzarət edəcək.
HƏMAS rəsmisi AFP-yə hərəkatın bu razılaşmanı dəstəklədiyini bildirib.
ABŞ Prezidenti Donald Trampın sülh planında Qəzza sərhədlərinin təhlükəsizliyi və demilitarizasiya üçün beynəlxalq qüvvə yaradılması nəzərdə tutulur və bu, BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənib.
Avropa İttifaqı isə Qəzzada 3,000 polis əməkdaşını hazırlamaq niyyətindədir və bu model Qərb Sahilində 2006-cı ildən davam edən polis hazırlıq missiyasının analoqu olacaq.
Bununla belə, İsrail hökuməti Qəzzada HƏMAS-ın və Fələstin Administrasiyasının rol almasına qarşı olduğunu bildirib. Bu isə razılaşmanın tətbiqində ciddi çətinlik yarada bilər.
HƏMAS isə rəsmi idarəçilikdən imtina etdiyini bildirsə də, Qəzzada sosial və təhlükəsizlik sahəsində real təsirini itirmədiyini vurğulayır. Silahların təhvili məsələsində isə hərəkat yalnız ümumi fələstinli siyasi proses çərçivəsində bunun mümkün ola biləcəyini deyir.