İtaliyada 1 yanvar tarixindən bəri 85 qadının qətlə yetirilməsi fonunda sağ koalisiyadan ibarət hökumət qadın qətllərinə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Baş nazir Corcia Meloninin rəhbərlik etdiyi hökumətin 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində ictimaiyyətə təqdim etdiyi və qadın qətlini ayrıca cinayət kimi müəyyən edən qanun layihəsi parlamentdə tam təsdiq prosesindən keçərək 25 noyabr – Qadınlara Qarşı Şiddətə Son Günündə qanun qüvvəsi alıb.
Qanun layihəsi iyul ayında Senatda qəbul olunaraq yekun qərar üçün Deputatlar Palatasına göndərilmişdi. Bugünkü səsvermədə həm iqtidar, həm də müxalifət daxil olmaqla 237 deputat layihənin lehinə səs verib və sənəd yekdilliklə qəbul olunub.
Qəbul edilən dəyişikliklə İtaliya Cinayət Məcəlləsinə qadın qətlinə dair yeni “577-bis” maddəsi daxil edilir.
Bu maddəyə əsasən, bir qadının sırf qadın olması səbəbilə ona qarşı nifrət, ayrı-seçkilik, hüquqlarını və azadlıqlarını məhdudlaşdırmaq məqsədi daşıyan hərəkətlər nəticəsində qətlə yetirilməsi halında, cinayətkar ömürlük həbs cəzası ilə cəzalandırılacaq.
İtaliya mətbuatının məlumatına görə, ölkədə bu il 1 yanvar–20 oktyabr tarixləri arasında 85 qadın qətlə yetirilib.