Liviyadan Ukraynaya sərt ittiham: “Bu, müharibə elanıdır”

Liviya Prezident Şurasının sədr müavini Musa əl-Kuni Ukraynanın Benqazi yaxınlığında Rusiya gəmilərinə hücumunu ölkəsinin suverenliyinin pozulması adlandırıb. Kiyev əməliyyatı qanuni özünümüdafiə hesab edir, Kreml isə ağır nəticələr barədə xəbərdarlıq edib.

13

Liviya Prezident Şurasının sədr müavini Musa əl-Kuni Ukraynanın Benqazi limanı yaxınlığında Rusiya hərbi və yük gəmilərinə endirdiyi zərbələri ölkəsinə qarşı müharibə elan edilməsinə bərabər tutub. O, Kiyevi Liviyanın suverenliyini pozmaqda ittiham edərək beynəlxalq səviyyədə hüquqi və diplomatik tədbirlərin görülməsini tələb edib.

MSNews.az xəbər verir ki, “Deutsche Welle” və “Ukrainska Pravda” nəşrlərinin məlumatına görə, Musa əl-Kuni noyabrın 23-də verdiyi açıqlamada Ukraynanın əməliyyatını Liviyanın ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.

Liviya rəsmisi bildirib ki, ölkəsinin ərazisi və ərazi suları başqa dövlətlər arasında hərbi qarşıdurma meydanına çevrilməməlidir.

“Bu, Liviyaya müharibə elan edilməsinə bərabərdir”, – deyə əl-Kuni Ukraynanın hərəkətlərinə münasibət bildirib.

O, BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını və Ukrayna Prezidenti Volodimir Zelenskinin terrorçuluqla bağlı nəzarət siyahısına salınmasını tələb edib. Liviya rəsmisi beynəlxalq hüquqi instansiyalara müraciət edilməsinin də mümkünlüyünü açıqlayıb.

Gərginliyə səbəb noyabrın 22-də Benqazi limanı və onun yaxınlığında Rusiya gəmilərinə qarşı keçirilən əməliyyat olub.

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 23-də ölkəsinin təhlükəsizlik qüvvələrinin dəniz dronları vasitəsilə Rusiyanın “Merkuri” korvetini batırdığını və göyərtəsindəki Ka-27 hərbi helikopterini məhv etdiyini açıqlayıb.

Kiyev əməliyyat zamanı Rusiyaya hərbi yüklər daşıdığı bildirilən “Anqara” yük gəmisinin də vurulduğunu iddia edib. Gəmilərə dəymiş ziyanın bütün detalları müstəqil şəkildə təsdiqlənməyib.

Kreml sözçüsü Dmitri Peskov hücumları təhlükəli tendensiya adlandıraraq Ukraynanı ağır nəticələrlə üzləşə biləcəyi barədə xəbərdar edib. O, Rusiya hərbi gəmisinin vəziyyəti ilə bağlı ətraflı məlumat almaq üçün jurnalistləri Müdafiə Nazirliyinə yönləndirib.

Ukrayna Xarici İşlər Nazirliyi isə Liviyanın ittihamlarını qəbul etməyib. Nazirlik Rusiya hərbi obyektlərinə zərbələrin qanuni özünümüdafiə hüququ çərçivəsində həyata keçirildiyini bildirib.

Kiyev Liviyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini, əməliyyatın məqsədinin Rusiya hərbi potensialına zərbə vurmaq olduğunu vurğulayıb.

Liviya Xarici İşlər Nazirliyi də ölkə ərazisində və ərazi sularında xarici dövlətlərin hərbi əməliyyatlarını qəbuledilməz sayaraq Ukraynadan rəsmi izahat tələb edib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti