Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiyanın Ukraynaya qarşı müharibə ilə kifayətlənməyərək gələcəkdə daha geniş geosiyasi və ərazi iddiaları irəli sürə biləcəyini bildirib. O, bu kontekstdə Gürcüstan, Moldova və Baltikyanı ölkələrin adını çəkib.
MSNews.az xəbər verir ki, Vadeful bu fikirləri Almaniyanın NTV telekanalının “Pinar Atalay” proqramında səsləndirib. Nazir bildirib ki, Rusiyanın Ukraynaya hücumundan əvvəl Moskva ilə Kiyev arasında iqtisadi əlaqələr mövcud olub və Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid olmayıb. Onun fikrincə, buna görə Berlin Rusiyanın Ukraynadan kənarda da “daha geniş planları” ola biləcəyi ehtimalını nəzərə almalıdır.
Vadeful Rusiya prezidenti Vladimir Putinin SSRİ-nin dağılmasını “əsrin ən böyük geosiyasi fəlakəti” adlandırmasına istinad edərək bildirib ki, Moskvanın keçmiş sovet məkanında təsir dairəsini bərpa etməyə çalışa biləcəyi ehtimalını istisna etmək olmaz. O, bu çərçivədə Ukrayna ilə yanaşı Gürcüstan, Moldova və Baltikyanı ölkələri də qeyd edib.
Nazir xüsusilə Baltikyanı ölkələrlə bağlı NATO öhdəliklərinə diqqət çəkib. Onun sözlərinə görə, Estoniya, Latviya və ya Litvanın sərhədinin pozulması halında Almaniya NATO müttəfiqi kimi bu vəziyyətə reaksiya verməli olacaq.
Vadeful əlavə edib ki, Almaniya artıq indi Rusiya ilə əlaqələndirilən hibrid hücumlarla üzləşir. O, Leypsiq/Halle hava limanında avqustda aşkarlanmış partlayıcı maddə daşıyan dron insidentini və müxtəlif kiberhücumları nümunə göstərib. Almaniya hökuməti həmin dron insidentinə görə Rusiyanı məsul hesab edir, Moskva isə ittihamları rədd edir.
Bununla belə, Vadeful mövcud vəziyyəti birbaşa “müharibə” adlandırmaqdan çəkinib və baş verənləri hibrid hücumlar kimi qiymətləndirib. O bildirib ki, bu cür hadisələr düşmən xarakterlidir və daha ciddi qarşıdurmanın ilkin mərhələsinə çevrilə bilər.