Rusiya 2026-cı ilin sonunadək nüvə başlığı daşıyan peyki Yer orbitinə çıxara bilər. Qərb kəşfiyyatının qiymətləndirmələrinə görə, “Sputnik-S” adlı aparat artıq hazır vəziyyətdədir və Moskva vilayətində saxlanılır. NATO ölkələri kosmosda nüvə silahının yerləşdirilməsi ehtimalından ciddi narahatlıq keçirirlər.
MSNews.az xəbər verir ki, Almaniyanın “NDR” və “WDR” telekanalları ilə “Süddeutsche Zeitung” qəzetinin birgə araşdırmasına əsasən, Almaniya Federal Kəşfiyyat Xidməti (BND) və Bundesver Rusiyanın yaxın həftələrdə nüvə silahı daşıyan peyki kosmosa göndərə biləcəyini ehtimal edir.
Araşdırmada bildirilir ki, “Sputnik-S” bir neçə il əvvəl yığılıb və hazırda Moskva ətrafında saxlanılır. Bundesverin Kosmik Komandanlığı peykin buraxılışının 2026-cı ilin dekabrında baş tutmasını mümkün hesab edir.
Məlumata görə, noyabrın əvvəlində bir neçə NATO ölkəsinə bu təhlükə ilə bağlı kəşfiyyat xəbərdarlığı göndərilib. Almaniyanın müdafiə və təhlükəsizlik qurumlarının rəhbər şəxsləri də məlumatlandırılıb.
Hərbi mütəxəssislər xəbərdarlıq edirlər ki, kosmosda nüvə partlayışı çoxsaylı peykləri sıradan çıxara, rabitə və naviqasiya sistemlərinin fəaliyyətini poza bilər. Belə hadisə mülki infrastruktur, enerji təchizatı, beynəlxalq kommunikasiya və hərbi idarəetmə sistemləri üçün genişmiqyaslı problemlər yarada bilər.
Almaniya Silahlı Qüvvələrinin Kiberməkan və İnformasiya Məkanı Komandanlığının general-mayoru Armin Flayşman belə bir partlayışın Almaniyada elektrik enerjisinin kəsilməsinə, rabitə və naviqasiyada ciddi məhdudiyyətlərə gətirib çıxara biləcəyini bildirib.
Noyabrın 23-də Berlində NATO-nun Baş katibi Mark Rütte ilə görüşən Almaniya kansleri Fridrix Merts Rusiyanın kosmosu nüvə silahı ilə silahlandırmaq planları barədə məlumatları narahatedici adlandırıb.
Mark Rütte isə NATO-nun kollektiv müdafiə öhdəliklərinin kosmik məkanı da əhatə etdiyini vurğulayıb. O, alyansın kosmosdan qaynaqlanan təhlükələrə qarşı müdafiə imkanlarını gücləndirəcəyini bildirib.
Rusiya tərəfi isə ittihamları rədd edib. Moskva Almaniya mediasının məlumatlarını əsassız adlandıraraq kosmik fəaliyyətinin dinc məqsədlər daşıdığını bildirib.
Qeyd edək ki, 1967-ci il Kosmos Müqaviləsi nüvə və digər kütləvi qırğın silahlarının Yer orbitində yerləşdirilməsini qadağan edir. Belə bir peykin orbitə çıxarılması beynəlxalq müqavilənin pozulması demək olardı.
Hazırda “Sputnik-S” peykinin nüvə başlığı daşıdığı və yaxın həftələrdə buraxılacağı barədə məlumatlar müstəqil şəkildə təsdiqlənməyib. İddialar Qərb kəşfiyyatının qiymətləndirmələrinə əsaslanır və konkret buraxılış tarixi rəsmi açıqlanmayıb.