İran ABŞ-dan 290 milyard dollar təzminat tələb edir

İran məhkəmələri ABŞ-dan 290 milyard dollar təzminat alınması barədə qərarlar çıxarıb. Tehran Vaşinqtona hərbi dəstək göstərməkdə ittiham etdiyi bir sıra Fars körfəzi ölkələrinə qarşı da məhkəmə iddiaları qaldırıb.

14

İran ABŞ-dən 290 milyard dollar məbləğində təzminat almaq niyyətindədir. Tehran hakimiyyəti Vaşinqtonun onilliklər ərzində həyata keçirdiyi fəaliyyətlər nəticəsində ölkəyə dəymiş ziyanın ödənilməsini tələb edir. İran məhkəmələri bu məbləğlə bağlı qərarlar çıxarıb, eyni zamanda Fars körfəzinin bir sıra ərəb dövlətlərinə qarşı da hüquqi iddialar irəli sürülüb.

MSNews.az xəbər verir ki, “AFP” agentliyinin məlumatına görə, İran məhkəmə sisteminin Vəkillər Mərkəzinin rəhbəri Həsən Əbdülianpur noyabrın 23-də dövlət televiziyasına açıqlamasında ABŞ-yə qarşı təzminat qərarlarının artıq qəbul edildiyini bildirib.

“Daxili məhkəmələrimizdə amerikalılardan ümumilikdə 290 milyard dollar təzminat alınmasını nəzərdə tutan qərarlar əldə etmişik”, – deyə Əbdülianpur vurğulayıb.

İran rəsmisinin sözlərinə görə, tələb olunan məbləğ yalnız 2026-cı il fevralın 28-də başlayan müharibənin nəticələrini əhatə etmir. Buraya ABŞ-nin İrana qarşı bir neçə onillik ərzində həyata keçirdiyi fəaliyyətlərlə bağlı iddialar da daxildir.

Bununla yanaşı, Tehran Fars körfəzinin bir neçə ərəb dövlətinə qarşı məhkəmə iddiaları qaldırıb.

Əbdülianpur bildirib ki, həmin ölkələr ABŞ-yə öz ərazilərindən İrana hərbi zərbələr endirmək məqsədilə istifadə etməyə icazə verməkdə ittiham olunurlar.

“Türkiye Today” nəşrinin məlumatına görə, təzminat qərarları İranın milli məhkəmələri tərəfindən çıxarılıb. Bununla belə, ABŞ-nin həmin qərarları tanıması və ya tələb olunan məbləği ödəməsi barədə razılaşma yoxdur.

İran tərəfi Fars körfəzi ölkələrinə qarşı iddiaların hansı dövlətləri və konkret hansı hərbi əməliyyatları əhatə etdiyini tam açıqlamayıb.

Qeyd edək ki, Tehran və Vaşinqton arasında müharibənin iqtisadi nəticələrinin aradan qaldırılması məsələsi daha əvvəl də müzakirə olunub. İyunun 16-da “Reuters” agentliyi mümkün razılaşma çərçivəsində İranın bərpasına yönələcək 300 milyard dollarlıq investisiya fondu barədə məlumat yayıb. Lakin həmin fond birbaşa hərbi təzminat mexanizmi kimi deyil, özəl investisiya təşəbbüsü kimi nəzərdə tutulurdu.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30