Noyabrın 21-də Vyetnamın paytaxtı Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Danışıqlarda iki ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsi, enerji, müdafiə sənayesi, nəqliyyat, investisiya və digər sahələrdə əməkdaşlığın inkişafı əsas müzakirə mövzuları olub.
MSNews.az xəbər verir ki, görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam İlham Əliyevin səfərinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanın Vyetnam üçün Cənubi Qafqaz və Xəzər regionunda mühüm strateji tərəfdaş olduğunu vurğulayıb.
To Lam 2025-ci ilin mayında Azərbaycanla Vyetnam arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini tarixi mərhələ adlandırıb. Onun sözlərinə görə, əsas məqsəd bu əməkdaşlığı konkret layihələrə və iqtisadi nəticələrə çevirməkdir.
Prezident İlham Əliyev isə Vyetnamın son illərdə əldə etdiyi iqtisadi inkişafı yüksək qiymətləndirərək iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə malik olduğunu bildirib.
Dövlət başçısı Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfərini xatırladıb. O qeyd edib ki, həmin səfərdən sonra azərbaycanlı mütəxəssislər Vyetnamın neft sənayesinin inkişafına dəstək göstəriblər.
Görüşün əsas mövzularından biri enerji əməkdaşlığı olub. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın PetroVietnam şirkəti arasında əlaqələrin genişləndirilməsi, neft-qaz və enerji təhlükəsizliyi, eləcə də külək və Günəş enerjisi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Bundan əlavə, müdafiə və müdafiə sənayesi, təhlükəsizlik, turizm, aviasiya, ticarət və investisiyalar sahələrində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
Tərəflər Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirərək Trans-Xəzər nəqliyyat marşrutunun strateji əhəmiyyətini vurğulayıblar.
Danışıqlarda Azərbaycanla Vyetnamın BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində əməkdaşlığı, həmçinin Azərbaycanın ASEAN ölkələri ilə əlaqələrinin genişləndirilməsi məsələlərinə də toxunulub.
Prezident İlham Əliyev 2020-ci ildə Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı nəzərdə tutulan məhdudiyyətlərlə bağlı Vyetnamın göstərdiyi dəstəyi xüsusi qeyd edib. Dövlət başçısı bu mövqenin Azərbaycan tərəfindən unudulmayacağını bildirib.
Görüşdə həmçinin hər iki ölkənin mina problemindən əziyyət çəkdiyi vurğulanaraq minatəmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.
Danışıqların sonunda İlham Əliyevin Vyetnama səfərinin iki ölkə arasında strateji tərəfdaşlığın gələcək inkişafına töhfə verəcəyinə əminlik ifadə edilib.
Qeyd edək ki, görüşdən sonra Azərbaycan və Vyetnam prezidentləri Birgə Bəyanat qəbul edib, iki ölkə arasında əməkdaşlıq sənədlərinin mübadiləsi keçirilib.





