Tramp: ABŞ zərbələrindən sonra Venesuela lideri Maduro ələ keçirildi

ABŞ Prezidenti Donald Tramp Venesuelaya endirilən zərbələrdən sonra prezident Nikolas Maduronun ələ keçirildiyini açıqladı. Karakasda partlayışlar, fövqəladə vəziyyət və beynəlxalq reaksiyalar gündəmdədir.

135

ABŞ Prezidenti Donald Tramp şənbə günü bildirib ki, Amerika qüvvələri Venesuelaya genişmiqyaslı hərbi zərbələr endirib və ölkəni uzun illərdir idarə edən avtoritar prezident Nikolas Maduro hakimiyyətdən kənarlaşdırılıb. Bu, Vaşinqtonun Latın Amerikasında 1989-cu ildə Panamaya müdaxilədən bəri birbaşa hərbi addımı kimi qiymətləndirilir.

Tramp “Truth Social” hesabında yazıb ki, ABŞ Venesuelaya qarşı böyükmiqyaslı əməliyyatı uğurla həyata keçirib və Prezident Nikolas Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkədən çıxarılıb. Prezidentin sözlərinə görə, əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə icra olunub və bununla bağlı əlavə məlumatlar Floridadakı Mar-a-Laqo iqamətgahında keçiriləcək mətbuat konfransında açıqlanacaq.

CBS News:”Maduro Amerika ordusunun elit xüsusi təyinatlı bölməsi olan “Delta” qüvvələri tərəfindən əsir götürülüb”.

Zərbələrdən əvvəl Vaşinqton Maduro hökumətini “narkodövlət” qurmaqda və 2024-cü il prezident seçkilərini saxtalaşdırmaqda ittiham edirdi. Müxalifət həmin seçkilərdə böyük üstünlüklə qalib gəldiyini iddia etmişdi. 63 yaşlı Maduro bu ittihamları rədd edərək ABŞ-ı ölkəsinin, dünyanın ən böyük neft ehtiyatlarına malik Venesuelanın enerji resurslarına nəzarəti ələ keçirməyə çalışmaqda suçlayıb.

“Reuters”-ə danışan ABŞ rəsmisinin bildirdiyinə görə, Maduro elit xüsusi təyinatlılar tərəfindən saxlanılıb. Respublikaçı senator Mayk Li isə Dövlət katibi Marko Rubioya istinadla Maduronun ABŞ-da cinayət ittihamları ilə mühakimə olunacağını deyib. Venesuela vitse-prezidenti Delcy Rodrigez Maduronun və birinci xanımın harada olduğu barədə məlumatlarının olmadığını bildirərək, Vaşinqtondan “dərhal həyat əlamətləri ilə bağlı sübut” təqdim etməyi tələb edib.

Venesuelanın müdafiə naziri Vladimir Padrino müdaxiləni kəskin pisləyib və ölkənin suverenliyinə qarşı hücum kimi qiymətləndirib. Daxili işlər naziri Diosdado Kabelyo isə dövlət televiziyasında xalqa müraciət edərək, “terrorçu düşmənlə” əməkdaşlıq etməməyə çağırıb.

Şənbə günü səhər tezdən Karakasda və digər bölgələrdə güclü partlayışlar baş verib. Hökumət fövqəladə vəziyyət elan edib və qoşunların səfərbər edildiyini açıqlayıb. Hücumların Miranda, Araqua və La Quayra ştatlarında da qeydə alındığı bildirilib. Şahidlərə görə, Karakas üzərində təyyarələr, səmada alovlu işıq izləri və qara tüstü müşahidə olunub, paytaxtın cənubunda elektrik enerjisinin kəsildiyi yerlər olub. Partlayışların Fuerte Tiuna və La Karlota hərbi bazaları yaxınlığında baş verdiyi də deyilir.

ABŞ Dövlət katibinin müavini Kristofer Landau sosial şəbəkədə “Venesuela üçün yeni səhər açılır, tiran getdi” sözlərini yazıb. Gün işığı ilə birlikdə şəhərlərdə nisbi sakitlik müşahidə olunub, bəzi ərazilərdə əsgərlər patrul xidməti aparıb. Bəzi sakinlər baş verənləri “film səhnəsi kimi” təsvir edərək sevinc və qeyri-müəyyənlik hisslərini dilə gətiriblər.

Rusiya, Kuba və İran ABŞ zərbələrini pisləyib. Tehran bunu milli suverenliyin kobud pozuntusu adlandıraraq BMT Təhlükəsizlik Şurasını müdaxiləyə çağırıb. ABŞ-ın addımı regionda keçmiş müdaxilələrlə bağlı ağrılı xatirələri yenidən gündəmə gətirib və Latın Amerikasında geniş etirazlarla qarşılanıb.

Tramp administrasiyası son aylarda Venesuelaya qarşı sanksiyaları genişləndirib, neftə “blokada” çağırışları edib və narkotik daşınması iddiası ilə onlarla dəniz hədəfinə zərbələr endirib. Son əməliyyatın hansı hüquqi əsasla həyata keçirildiyi isə hələlik aydın deyil. Analitiklər bildirirlər ki, qısamüddətli perspektivdə neft qiymətlərində artım riski yaransa da, yeni hökumət formalaşacağı təqdirdə sanksiyaların yumşaldılması orta müddətdə bazarlara əks təsir göstərə bilər.