Şimali Koreya lideri Kim Çen In ölkənin Çinlə sərhədə yaxın Samciyon şəhərində inşa edilən dağ-xizək kurortuna və turizm obyektlərinə baxış keçirib. O, bölgənin ilboyu fəaliyyət göstərən turizm mərkəzinə çevrilməsi üçün tapşırıqlar verib.
MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən məlumat yayıb.
Kim Çen In noyabrın 15-16-da Pektu dağı ətrafında yerləşən otelləri, xizək traslarını, yaşayış və istirahət komplekslərini yoxlayıb. O, həmçinin Samciyon hava limanının yenidən qurulması və turizm dəmir yolu xəttinin çəkilməsi ilə bağlı görülən işlərlə tanış olub.
Şimali Koreya lideri hava limanının uçuş-enmə zolağının beynəlxalq standartlara uyğun genişləndirilməsini tapşırıb. O, tikinti işlərinin keyfiyyətinə və təbii mühitin qorunmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
“Yonhap” agentliyinin məlumatına görə, Kim Çen In bölgədəki otellərin və istirahət obyektlərinin tikintisini yüksək qiymətləndirib. O, Samciyonun ilboyu fəaliyyət göstərən dağ turizmi mərkəzinə çevrilməsini ölkənin regional inkişaf siyasətinin mühüm istiqamətlərindən biri adlandırıb.
Səfər zamanı Şimali Koreya liderini həyat yoldaşı Ri Sol Çju və qızı Kim Çju E də müşayiət ediblər. Dövlət mediasının yayımladığı görüntülərdə Kim Çju Enin xizək sürdüyü əks olunub.




