Şimali Koreya lideri Kim Çen In ölkənin yeni “Kan Qon” esminesində döyüş sistemlərinin sınaqlarına şəxsən rəhbərlik edib.
MSNews.az xəbər verir ki, “Reuters” agentliyi Şimali Koreyanın dövlət mediası KCNA-ya istinadən yazır ki, Kim Çen In yeni inşa edilmiş “Kang Kon” esminesində strateji qanadlı raketin buraxılışını və müxtəlif dəniz silah sistemlərinin qiymətləndirilməsini izləyib. Sınaqlar cümə günü gəminin döyüş imkanlarının yoxlanılması çərçivəsində keçirilib.

Məlumata görə, yoxlamalar hədəf aşkarlama, informasiyanın emalı, atəş sistemlərinin inteqrasiyası, gəmi topları, avtomatik toplar və radioelektron mübarizə vasitələrini əhatə edib. “Yonhap” yazır ki, KCNA sınaqları esminesdə müxtəlif silah sistemlərinin döyüş şəraitində tətbiq imkanlarının təsdiqlənməsi kimi təqdim edib.
“Associated Press”-in məlumatına əsasən, söhbət 5 min tonluq yeni dəniz esminesindən gedir. Agentlik qeyd edir ki, sınaqlar zamanı nüvə başlığı daşımaq imkanına malik qanadlı raket, əsas gəmi topu, avtomatik toplar, elektron müharibə sistemləri və hədəf aşkarlama imkanları yoxlanılıb.

Kim Çen In sınaqlardan sonra Şimali Koreyanın Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi, suüstü və sualtı döyüş sistemlərinin inkişafı, həmçinin donanma bazalarının tikintisi ilə bağlı tapşırıqlar verib. “China Daily Asia” “Xinhua”-ya istinadən yazır ki, Şimali Koreya lideri esminesin sınaqlarının tamamlanmasını və gəminin iki ay ərzində donanmanın tərkibinə daxil edilməsini tapşırıb.

Qeyd edək ki, “Kang Kon” Şimali Koreyanın son illərdə dəniz qüvvələrini modernləşdirmək istiqamətində nümayiş etdirdiyi əsas layihələrdən biri sayılır. “The Japan Times” bildirir ki, bu gəmi ötən il suya buraxılış mərasimi zamanı qəzaya uğramış, sonradan isə təmir edilərək yenidən sınaqlara çıxarılmışdı.