Yaponiyada keçirilən qeyri-adi toy mərasimi ictimaiyyətdə geniş maraq doğurub. 32 yaşlı Yurina Noquçi süni intellekt vasitəsilə yaradılmış Klaus adlı virtual obrazla evlənərək hər kəsi təəccübləndirib. Mütəxəssislər bildirirlər ki, bu cür birliklər hüquqi baxımdan rəsmi nikah hesab edilmir.
Məlumata görə, Noquçinin toy mərasimi virtual reallıq (VR) eynəyi vasitəsilə baş tutub. Mərasim zamanı süni intellekt əsasında yaradılmış bəy Klaus Noquçiyə simvolik olaraq üzük taxıb. Toy sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Oxşar hadisə yenə Yaponiyada qeydə alınıb. Adının açıqlanmasını istəməyən, lakin “Reuters” agentliyinin toyuna qatılmasına icazə verən 33 yaşlı avstraliyalı qadın Tokionun şimalında yerləşən ənənəvi məkanda “Mephisto Pheles” adlı yapon manqa personajı ilə evlənib. Qadın personajın kartondan hazırlanmış maketini mərasimə gətirərək simvolik nikah mərasimi keçirib.

Mütəxəssislər vurğulayırlar ki, süni intellekt və ya uydurma personajlarla bağlanan bu cür nikahlar Yaponiya qanunvericiliyinə əsasən hüquqi qüvvəyə malik deyil və rəsmi evlilik statusu daşımır. Bununla belə, bu hadisələr texnologiyanın insan münasibətlərinə təsiri və müasir cəmiyyətlərdə ailə anlayışının dəyişməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.