Rusiya Silahlı Qüvvələri noyabrın 16-dan 17-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə genişmiqyaslı hücum həyata keçirib. Zərbələr nəticəsində Dnepr çayı üzərində yerləşən Şimal və Cənub körpüləri zədələnib, şəhərin kritik infrastrukturuna ziyan dəyib. Paytaxtın bəzi rayonlarında su və istilik təchizatında fasilələr yaranıb.
MSNews.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
“Reuters” agentliyinin məlumatına görə, hücum zamanı Kiyevdə güclü partlayış səsləri eşidilib və şəhərin bir sıra ərazilərində hava hücumundan müdafiə sistemləri işə düşüb.
Kliçkonun sözlərinə görə, Rusiya raketləri paytaxtın nəqliyyat infrastrukturu üçün mühüm əhəmiyyət daşıyan Şimal və Cənub körpülərinə zərbələr endirib.
Noyabrın 17-si səhər saatlarında mütəxəssislər hər iki körpüdə konstruksiyaların vəziyyətini yoxlamağa başlayıblar.
Körpülərdə avtomobillərin hərəkəti tam dayandırılıb. Onların yenidən nə vaxt istifadəyə veriləcəyi texniki ekspertizanın nəticələrindən asılı olacaq.
Kliçko bildirib ki, kommunal xidmətlər nəqliyyat əlaqələrinin bərpası üçün tədbirlər görür.
Raket hücumları nəticəsində Kiyevin enerji və kommunal infrastrukturunun bir hissəsi də zədələnib.
Şəhər administrasiyasının məlumatına əsasən, Holosiyivski, Desnyanski, Dniprovski və Obolonski rayonlarında infrastruktur obyektlərinə ziyan dəyib, bəzi ərazilərdə yanğınlar qeydə alınıb.
Paytaxtın ayrı-ayrı rayonlarında su və istilik təchizatında fasilələr yaranıb.
Bundan başqa, Kiyev metrosunun yaşıl xəttində “Osokorkı” və “Çervonı Xutir” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. Buna səbəb yerüstü metro infrastrukturunun zədələnməsi olub.
Hücumlar yalnız Kiyevlə məhdudlaşmayıb. Ukrayna mediasının məlumatına görə, Dnepr, Çerkassı, Pavloqrad, Smela, Zaporojye və Xarkovda da partlayış səsləri eşidilib.
Zaporojye vilayətinin rəsmiləri sənaye infrastrukturu obyektlərindən birinin zərbəyə məruz qaldığını açıqlayıblar.
Çerkassı vilayətində isə hücum nəticəsində yaralananların olduğu bildirilib. Zərərçəkənlərin sayı və dağıntıların miqyası barədə məlumatlar dəqiqləşdirilir.
Rusiya mənbələri hücum zamanı “İskəndər-M” ballistik və “Sirkon” hipersəs raketlərinin istifadə olunduğunu iddia ediblər.
Lakin Ukrayna hərbi qurumlarının açıqlamalarında həmin raket növlərinin hər ikisinin istifadə edildiyini təsdiqləyən yekun məlumat əldə olunmayıb. Bu səbəbdən raketlərin konkret modelləri barədə iddialar hələ dəqiqləşdirilməlidir.
Rusiya Müdafiə Nazirliyi isə Ukraynanın nəqliyyat, enerji və hərbi infrastrukturu obyektlərinə kütləvi zərbələr endirildiyini təsdiqləyib. Moskvanın açıqlamasına görə, Kiyevdəki hər iki körpü hərbi texnikanın daşınması üçün istifadə olunurdu. Bu iddia müstəqil şəkildə təsdiqlənməyib.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin noyabrın 17-də yaydığı məlumata əsasən, Kiyevdə hücum nəticəsində azı iki nəfər həlak olub, bir nəfər isə yaralanıb.
Paytaxtın Obolonski rayonunda xilasedicilər dağıntılar altından bir nəfəri çıxarıblar. Dniprovski rayonunda isə zərbədən sonra qeyri-yaşayış binasında yaranmış yanğın söndürülüb.