ABŞ-da aparılan yeni elmi araşdırma balıq yağı əlavələrinin beyin sağlamlığına gözlənilən faydanı verməyə biləcəyini göstərib. İki il davam edən tədqiqat zamanı yüksək dozalı omeqa-3 qəbul edən şəxslərin beynində bu yağ turşusunun miqdarı artsa da, yaddaş və digər koqnitiv funksiyalarda nəzərəçarpacaq yaxşılaşma müəyyən edilməyib.
MSNews.az xəbər verir ki, bu barədə ABŞ-nin Cənubi Kaliforniya Universitetinin (USC) tədqiqatçılarının “eBioMedicine” elmi jurnalında dərc olunan araşdırmasında bildirilir. Nəticələri “The Washington Post” qəzeti də işıqlandırıb.
Araşdırmada 55–80 yaş aralığında, demensiya riski yüksək olan 365 nəfər iştirak edib. Respondentlərin hamısı balığı az istehlak edən şəxslər arasından seçilib.
İştirakçılar iki qrupa bölünüb. Birinci qrupa gündəlik 2 000 milliqram DHA (dokozaheksaen turşusu) tərkibli omeqa-3 əlavəsi, digər qrupa isə plasebo verilib.
DHA beynin normal fəaliyyəti və sinir hüceyrələri arasındakı əlaqələrin qorunması üçün əhəmiyyətli olan omeqa-3 yağ turşularından biridir.
Tədqiqatçılar altı aydan sonra omeqa-3 qəbul edən şəxslərin beyin-onurğa beyni mayesində DHA səviyyəsinin orta hesabla 17 faiz yüksəldiyini müəyyən ediblər.
Lakin iki ilin sonunda yaddaş, düşünmə və digər koqnitiv qabiliyyətlərin qiymətləndirilməsində omeqa-3 qəbul edənlərlə plasebo qrupundakı şəxslər arasında əhəmiyyətli fərq aşkarlanmayıb.
Beynin yaddaşın formalaşmasında mühüm rol oynayan hipokamp bölgəsinin həcminin azalmasına qarşı da əlavələrin nəzərəçarpacaq qoruyucu təsiri müəyyən edilməyib.
Araşdırmanın rəhbəri, nevroloq Hüseyn Naci Yasin bildirib ki, omeqa-3 yağ turşuları beyin üçün vacib olsa da, onları əlavə şəklində qəbul etməyin Alzheimer xəstəliyindən qoruduğunu göstərən nəticə əldə edilməyib.
Alimlərin fikrincə, omeqa-3-ü yalnız kapsul vasitəsilə qəbul etməkdənsə, onu balanslaşdırılmış qidalanmanın tərkibində almaq daha məqsədəuyğun ola bilər.
Yağlı balıqlar, xüsusilə qızılbalıq, skumbriya və sardina DHA və digər omeqa-3 yağ turşularının əsas qida mənbələrindəndir.
Bununla belə, tədqiqat omeqa-3 əlavələrinin bütün hallarda faydasız olduğunu sübut etmir. Araşdırma yalnız müəyyən yaş və risk qrupunu əhatə edib, həmçinin demensiya hallarının azalmasını birbaşa ölçməyib. Nəticələr əsasən yaddaş testlərinə və beyin görüntüləməsinə əsaslanıb.
Alimlərin əsas qənaəti budur ki, beyində omeqa-3 səviyyəsinin artırılması avtomatik olaraq yaddaşın yaxşılaşması və ya yaşla əlaqəli beyin dəyişikliklərinin qarşısının alınması demək deyil.