ABŞ İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə həyata keçirilən hərbi təchizatın qarşısını almaq məqsədilə yeni əməliyyat qrupu yaradıb. “Dəmir darvaza” (Task Force Iron Gate) adlandırılan struktur Tehranın silah, ikili təyinatlı texnologiya və sanksiyalara məruz qalan materialların daşınması imkanlarını məhdudlaşdırmağa çalışacaq.
MSNews.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) noyabrın 7-də açıqlama yayıb. “Reuters” agentliyinin məlumatına görə, yeni strukturun yaradılması barədə göstərişi CENTCOM-un komandanı admiral Bred Kuper verib.
ABŞ-ın Florida ştatının Tampa şəhərində yerləşəcək əməliyyat qrupu təxminən 20 hərbi və mülki əməkdaşdan ibarət olacaq. Qrup ABŞ-ın digər dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.
Yeni strukturun əsas vəzifəsi İranın quru sərhədləri və Xəzər dənizi üzərindən qabaqcıl silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiya tətbiq edilmiş materialların və qanunsuz maliyyə axınlarının hərəkətini izləmək və məhdudlaşdırmaqdır.
Admiral Bred Kuper bildirib ki, bu təşəbbüs ABŞ-ın İrana qarşı mövcud dəniz blokadasını tamamlayacaq.
“CENTCOM-un digər dövlət qurumları ilə əməkdaşlığının gücləndirilməsi İranın terrorizmi maliyyələşdirmək, silah zavodlarını bərpa etmək və hərbi ehtiyatlarını yeniləmək imkanlarını daha da məhdudlaşdıracaq”, – deyə Kuper vurğulayıb.
CENTCOM-un iddiasına görə, ABŞ-ın son aylarda tətbiq etdiyi dəniz blokadası nəticəsində İranın 25 milyard dollardan artıq dəyərdə xam neft ixracının qarşısı alınıb. Bu rəqəm müstəqil şəkildə təsdiqlənməyib.
“Stars and Stripes” nəşri qeyd edir ki, CENTCOM Xəzər dənizi üzərindən daşımaların hansı üsullarla məhdudlaşdırılacağını açıqlamayıb. Komandanlıq İranla həmsərhəd ölkələrin hökumətləri ilə birbaşa koordinasiya mexanizminin olub-olmayacağı barədə də məlumat verməyib.
Qeyd edək ki, Xəzər dənizi Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistanın sahillərini birləşdirir. Yeni təşəbbüsdə Xəzərin adının çəkilməsi regiondan keçən təchizat marşrutlarının da ABŞ-ın diqqət mərkəzində olduğunu göstərir. Bununla belə, açıqlamada Xəzərdə ABŞ hərbi qüvvələrinin yerləşdirilməsi barədə qərar yer almayıb.