Qazax Dövlət Dram Teatrında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Səhnədən zəfərə…” adlı tamaşa nümayiş etdirilib. Səhnə əsərində Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi, xalqın mübarizə yolu və qələbənin mənəvi dəyəri ön plana çıxarılıb.
MSNews.az xəbər verir ki, bu barədə Qazax Dövlət Dram Teatrından məlumat verilib.
Tamaşanın süjet xətti səhnə əsərinə hazırlaşan rejissorun köhnə sandıqdan tapdığı saat, məktub və torpaq ətrafında qurulub. Bu əşyalar vasitəsilə qəhrəman keçmişə və xatirələrə səyahət edir. Üç əşya xalqın yaşadığı ağrıların, itkilərin, mübarizənin və Zəfər sevincinin rəmzinə çevrilir.
Səhnə əsərində Zəfərin yalnız hərbi qələbə deyil, həm də qəhrəmanlıq, fədakarlıq və Vətən sevgisinin təcəssümü olduğu vurğulanır.
Tamaşa Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Qazax rayon komitəsinin dəstəyi, Qazax Mədəniyyət Mərkəzi və Qazax Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə təqdim edilib. Nümayişi ictimaiyyət nümayəndələri və rayonun mədəniyyət işçiləri izləyiblər.
Tamaşanın müəllifi, musiqi tərtibatçısı və quruluşçu rejissoru Ceyhun Vəlizadədir. Rejissor assistenti Vüsal Hüseynov, quruluşçu rəssam isə Aysan Omarovadır.
Səhnə əsərində rolları Minayə İbrahimova, Vüsal Hüseynov, Rüfət Ömər, Aytac Cəfərova, Nəsimi Aşbazov, Ceyhun Vəlizadə, Xəyalə Eminalıyeva, Nazilə Məmmədova, Kamil Məmmədov, Rüfət Eminalıyev və Leyla Aslan canlandırıblar.
Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.







