Novruzəli Yusubzadə: “Netanyahu getsə də, İsrailin İran siyasəti dəyişməyəcək”

QAFSAM eksperti Novruzəli Yusubzadə İsraildə seçkidən sonrakı koalisiya danışıqlarını, Eyzenkot-Liberman təmaslarını, mümkün hakimiyyət dəyişikliyini və bunun Azərbaycan-İsrail münasibətlərinə təsirini şərh edib.

96

İsraildə keçirilən parlament seçkilərinin yekun nəticələrinə görə, Benyamin Netanyahunun rəhbərlik etdiyi blok 53, Qadi Eyzenkotun daxil olduğu müxalif blok 48, ərəb partiyaları isə rekord 19 mandat əldə edib. Beləliklə, heç bir siyasi düşərgə hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluğu təkbaşına qazana bilməyib.

MSNews.az seçkidən sonra yarana biləcək koalisiya modelləri, İsrailin gələcək regional siyasəti və Azərbaycanla münasibətlərin perspektivi barədə QAFSAM eksperti Novruzəli Yusubzadə ilə danışıb.

– İsraildə seçkilər başa çatsa da, heç bir qüvvə 61 mandatlıq çoxluğa sahib deyil. Bu halda koalisiya hökuməti və ya yeni seçki əsas variantlar kimi qalır. Mövcud prosesi necə qiymətləndirirsiniz?

– Seçkilər başa çatdı və heç bir blok təkbaşına yetərsay əldə edə bilmədi. Bununla belə, Netanyahunun blokunun digər yəhudi müxalifət blokundan daha çox mandat alması İsrail seçicisinin təhlükəsizlik məsələsini hələ də əsas siyasi prioritetlərdən biri kimi gördüyünü göstərir.

Hazırda siyasi mənzərə kifayət qədər açıqdır. Netanyahu keçid dövründə Baş nazir olaraq qalır. Müxalifət isə ərəb partiyalarının dəstəyini əldə edə və ya Netanyahunun düşərgəsindən müəyyən qüvvələri öz tərəfinə çəkə bilsə, hökumət qurmaq imkanına sahib ola bilər.

Amma Netanyahunun imkanlarını da kiçiltmək olmaz. Onun da digər partiyalarla razılaşaraq 61 mandatlıq koalisiya yaratmaq şansı qalır.

Burada vacib məqam odur ki, ərəb partiyalarının mövqeyi əvvəlkindən daha böyük siyasi çəki qazanıb. “Joint List” artıq Eyzenkotu baş nazirliyə tövsiyə edəcəyini açıqlayıb və bununla Eyzenkot prezidentə təqdim edilən tövsiyələr üzrə 67 deputatın dəstəyini qazanır. Lakin tövsiyə etmək avtomatik olaraq həmin partiyaların hökumətə daxil olacağı anlamına gəlmir.

– Qadi Eyzenkot ilə Aviqdor Liberman arasında danışıqların başladığı bildirilir. Hətta Libermanın yenidən Baş nazir ola biləcəyinə dair iddialar var. Siz bu variantı necə qiymətləndirirsiniz?

– Eyzenkot da, Liberman da İsrail siyasətində təcrübəli və ciddi siyasi çəkisi olan fiqurlardır. Onların arasında görüşlərin və koalisiya danışıqlarının getdiyi təsdiqlənir. Liberman müxalifətin digər liderləri ilə birlikdə yeni hökumətin formalaşdırılması istiqamətində danışıqlarda iştirak edir. Hazırda isə onun Baş nazir olacağı və ya Eyzenkotla rotasiya razılaşmasının əldə edildiyi barədə təsdiqlənmiş razılaşma yoxdur.

Nəzəri olaraq rotasiya variantı mümkündür. İsrail siyasətində bunun presedenti də var. Netanyahu ilə Benni Qants arasında 2020-ci ildə rotasiya razılaşması imzalanmışdı, lakin həmin model nəzərdə tutulduğu formada sona qədər işləmədi.

Eyzenkotun xüsusi siyasi üstünlüklərindən biri Mizrahi mənşəli olmasıdır. Əgər o Baş nazir olsa, İsrail tarixində Mizrahi mənşəli ilk hökumət başçısı ola bilər. Bu, ölkənin siyasi simvolikası baxımından da mühüm hadisədir.

Ancaq İsrail cəmiyyətinin etnik quruluşunu yalnız Aşkenazi-Mizrahi qarşıdurması ilə izah etmək doğru olmaz. Burada qarışıq mənşəli, keçmiş SSRİ-dən gələn və digər sosial qruplar da mühüm siyasi rol oynayır.

– Netanyahudan fərqli bir hökumət formalaşarsa, bunu Yaxın və Orta Şərq perspektivindən necə qiymətləndirirsiniz? İsrailin regional siyasəti dəyişə bilərmi?

– Daxili siyasətdə ciddi dəyişikliklər mümkündür, amma İsrailin xarici və təhlükəsizlik doktrinasında fundamental dönüş gözləmirəm.

Netanyahunun özü artıq korrupsiya ittihamları üzrə davam edən məhkəmə prosesinin tərəfidir. Hakimiyyət dəyişikliyi həmin hüquqi prosesin siyasi müdaxilədən daha uzaq mühitdə davam etməsinə səbəb ola bilər.

Amma İran, HƏMAS və Hizbullahla bağlı əsas təhlükəsizlik yanaşmasında kəskin dəyişiklik gözləmək düzgün olmaz.

Eyzenkot, Netanyahu və Liberman arasında üslub və taktika fərqləri var. Eyzenkot təhlükəsizlik məsələlərində çox sərt mövqedədir. Netanyahu da eyni xəttin tərəfdarıdır. Liberman bəzi məsələlərdə daha praqmatik görünə bilər, amma ümumilikdə hər üçü İsrail təhlükəsizlik siyasətinin şahin qanadına yaxındır.

Ərəb partiyaları da Netanyahunun hakimiyyətdən getməsi üçün müxalifət hökumətinə nazirlik və ya xüsusi imtiyaz almadan kənardan dəstək verə bilərlər. Belə bir model İsrail tarixində qeyri-adi olsa da, hazırkı parlament arifmetikası bunu mümkün edir.

Yəni hökumətin siması dəyişə bilər, amma İranın nüvə imkanları, HƏMAS-ın tərksilahı və İsrailin regional hərbi üstünlüyünün qorunması kimi əsas mövzular dövlət siyasətində qalacaq.

– Hakimiyyət dəyişikliyi Azərbaycan-İsrail tərəfdaşlığına necə təsir edə bilər?

– Azərbaycan-İsrail münasibətləri ayrı-ayrı siyasi şəxslər üzərində qurulmayıb. Bu münasibətlərin əsasında təhlükəsizlik, müdafiə sənayesi, enerji, texnologiya və regional maraqlar dayanır.

Paradoksal görünə bilər, amma İsraildəki mərkəzçi və müxalif siyasi dairələrin də Azərbaycanla münasibətlərə kifayət qədər müsbət yanaşdığı görülür.

Libermanın keçmiş SSRİ məkanından çıxması və rusdilli İsrail cəmiyyətində böyük siyasi təsirə malik olması Azərbaycanla münasibətlər baxımından ayrıca diqqətçəkən məqamdır. Eyzenkot və Libermanın İsrailin təhlükəsizlik sistemində yüksək vəzifələr tutduğu dövrlərdə də Azərbaycanla müdafiə əməkdaşlığı davam edib.

Ona görə düşünürəm ki, Netanyahudan fərqli hökumət Azərbaycan-İsrail münasibətlərində geriləmə yaratmayacaq. Əksinə, əməkdaşlığın müdafiə, texnologiya və təhlükəsizlik istiqamətlərində yüksələn xətt üzrə davam etməsi mümkündür.

– Sizcə, Netanyahu daxili siyasi prosesi arxa plana keçirmək üçün ABŞ-ı İrana yeni zərbələrə razı sala bilərmi?

– Netanyahu üçün İran yalnız seçki kartı deyil. O, onilliklərdir İranın nüvə proqramını və regional hərbi şəbəkəsini İsrailin əsas təhlükəsizlik problemi kimi təqdim edir.

Özünün də dəfələrlə vurğuladığı kimi, İran məsələsi onun siyasi karyerasının ən uzunmüddətli təhlükəsizlik mövzularından biridir.

Bu baxımdan, Netanyahu siyasi karyerasının son mərhələsində olsa belə, İranın hərbi və nüvə imkanlarının maksimum zəiflədilməsini istəyəcək.

Belə bir qarşıdurmanın daxili siyasi effekti də ola bilər. İranla təhlükəsizlik böhranının yenidən dərinləşməsi İsrail cəmiyyətində təhlükəsizlik gündəmini ön plana çıxara və Netanyahunun siyasi mövqeyinə təsir göstərə bilər.

Amma bunu yalnız “Netanyahu hakimiyyətdə qalmaq üçün müharibə başladacaq” məntiqi ilə izah etmək doğru olmaz. ABŞ-ın qərarı öz regional və strateji maraqlarından, İranın addımlarından və mövcud hərbi-diplomatik vəziyyətdən asılı olacaq.

Nəticədə, hazırda hər şey koalisiya danışıqlarının hansı istiqamətdə inkişaf etməsindən asılıdır. Müxalifət ortaq hökumət modeli üzərində razılaşa bilsə, Netanyahu dövrü başa çata bilər. Razılaşma alınmasa, İsrail yenidən siyasi dalana və yeni seçki ssenarisinə daxil ola bilər.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.