Litva və Latviya mümkün hərbi təhlükə və genişmiqyaslı böhran zamanı əhalinin qonşu ölkəyə köçürülməsini nəzərdə tutan ilk birgə təxliyə təlimlərinə başlayıb. Noyabrın 5-də start götürən təlimlərdə 100-dək könüllü iştirak edir.
MSNews.az xəbər verir ki, Litvanın Yanğından Mühafizə və Xilasetmə Departamentinin məlumatına əsasən, təlimlərin ilk mərhələsində iştirakçılar Latviyanın Dauqavpils şəhərindən Litvanın Pasvalis şəhərinə avtobuslarla daşınır. Noyabrın 10-da isə Litvanın Şyaulyay şəhərindən Latviyanın Kekava şəhərinə təxliyə prosesi sınaqdan keçiriləcək.
Təlim ssenarisinə əsasən, Baltikyanı regionda təhlükənin artması səbəbindən əhalinin həssas qruplarının təxliyəsi zərurəti yaranır. Bu zaman insanların xəbərdar edilməsi, qeydiyyatı, daşınması, müvəqqəti yerləşdirilməsi və ərzaqla təmin olunması prosedurları yoxlanılır.
Litva rəsmiləri vurğulayıblar ki, təlimlər əvvəlcədən planlaşdırılıb və mövcud təhlükəsizlik vəziyyətinin pisləşməsi, yaxud konkret hərbi təhdidlə əlaqəli deyil.
Bu arada Avropada sərnişin təyyarələrinə qarşı saxta bomba xəbərdarlıqları yayılıb. Noyabrın 5-də ən azı 14 aviareys belə təhdidlərlə üzləşib. Üç təyyarə başqa hava limanlarına yönləndirilib, Dublin–Roma reysini yerinə yetirən təyyarə isə Fransadakı hərbi aviabazaya enib. Aparılan yoxlamalarda partlayıcı maddə aşkarlanmayıb.
Avropa Komissiyası da noyabrın 3-də fövqəladə hallara hazırlıq üzrə yeni tövsiyələr təqdim edib. Aİ sakinlərinə böhranın ilk 72 saatında kənar yardıma ehtiyac duymadan yaşamaq üçün su, ərzaq, dərman və digər zəruri ləvazimatlar saxlamaq tövsiyə olunur. Bu tövsiyələr məcburi xarakter daşımır.