ABŞ administrasiyası Venesuela ilə Amerika hərbi qüvvələrinin bu ölkədə uzunmüddətli mövcudluğuna imkan yarada biləcək saziş üzrə danışıqlar aparır. Razılaşma ABŞ hərbçilərinin Venesuela ərazisində fəaliyyətini tənzimləyən hüquqi mexanizmin yaradılmasını nəzərdə tutur.
MSNews.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən “The New York Times” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, danışıqlara dövlət katibi Marko Rubionun rəhbərlik etdiyi ABŞ Dövlət Departamenti nəzarət edir.
Müzakirə olunan sənəd Qüvvələrin Statusu haqqında Saziş (SOFA) adlanır. Bu tip razılaşmalar xarici ölkə ərazisində fəaliyyət göstərən hərbi personalın hüquqi statusunu və əməkdaşlıq çərçivəsini müəyyənləşdirir.
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, belə sazişlər hərbi təlimlər, birgə manevrlər, hərbi gəmilərin səfərləri və humanitar yardım əməliyyatları üçün hüquqi zəmin yaradır.
Nəşrin məlumatına əsasən, Venesuelada yerləşdirilə biləcək ABŞ hərbçilərinin sayı və onların xidmət edəcəyi ərazilər hələ müəyyənləşdirilməyib. Bu məsələlərin mümkün gələcək razılaşmalar çərçivəsində həll edilməsi nəzərdə tutulur.
Bununla belə, ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli nümayəndəsi Venesuelada daimi Amerika hərbi bazalarının yaradılması barədə danışıqların aparılmadığını bildirib.
“Hərbi bazalar məsələsi hələ çox uzaq perspektivdir”, – deyə amerikalı rəsmi qeyd edib.
O, Vaşinqtonun Karakasla təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu təsdiqləyib.
Hazırda ABŞ-nin Karakasdakı səfirliyində bir hərbi attaşe və az sayda dəniz piyadası xidmət edir. Səfirlik yeddiillik fasilədən sonra fəaliyyətini bərpa edib.
Mümkün saziş ABŞ ilə Venesuela arasında münasibətlərin ciddi dəyişdiyi dövrə təsadüf edir. 2026-cı il yanvarın 3-də ABŞ hərbi əməliyyatı nəticəsində Nikolas Maduro saxlanılaraq ölkədən çıxarılıb. Bundan sonra Venesuelada hakimiyyətə Delsi Rodriges rəhbərlik etməyə başlayıb.
“Anadolu Agentliyi” bildirir ki, tərəflər təhlükəsizlik əməkdaşlığı ilə yanaşı, Venesuelanın siyasi gələcəyi və mümkün seçkilər ətrafında da təmasları davam etdirirlər.
Qeyd edək ki, hərbi saziş hələ imzalanmayıb. ABŞ qoşunlarının Venesuelada daimi yerləşdirilməsi və yeni hərbi bazaların yaradılması barədə yekun qərar yoxdur.