Zelenski və Məhəmməd bin Salman “Drone Deal”i müzakirə ediblər

Volodimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla təhlükəsizlik, “Drone Deal”, ərzaq təhlükəsizliyi və yeni regional müdafiə sazişini müzakirə edib.

55

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salmanla telefon danışığı apararaq müdafiə əməkdaşlığı, dron texnologiyaları və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edib.

MSNews.az xəbər verir ki, “Reuters” Zelenskiyə istinadən tərəflərin Ukrayna ilə Səudiyyə Ərəbistanı arasında hazırlanmaqda olan “Drone Deal” çərçivəsində yaxın vaxtlarda atılacaq addımları müzakirə etdiyini bildirib. Ukrayna liderinin sözlərinə görə, iki ölkənin insanların həyatının qorunması və təhlükəsizliyin gücləndirilməsi üçün bir-birinin imkanlarını artıracağı sahələr mövcuddur.

“Drone Deal” Ukraynanın tərəfdaş dövlətlərlə inkişaf etdirdiyi yeni müdafiə əməkdaşlığı formatıdır. Ukrayna Prezidentinin rəsmi məlumatına görə, belə sazişlər təhlükəsizlik yardımı, birgə istehsalın maliyyələşdirilməsi, texnologiya transferi, lokallaşdırma, kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması kimi istiqamətləri əhatə edə bilər. Kiyev iyulun 7-dək bu formatda doqquz saziş imzaladığını açıqlamışdı.

Zelenski bildirib ki, Məhəmməd bin Salman söhbət zamanı Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla əldə etdiyi yeni müdafiə razılaşması və onun perspektivləri barədə də məlumat verib. Səudiyyənin “Arab News” nəşri telefon danışığını təsdiqləyərək Zelenskinin vəliəhdi Məkkədə imzalanmış müdafiə sazişi münasibətilə təbrik etdiyini yazıb.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 7-də Məkkə Birgə Müdafiə Sazişini imzalayıblar. “Reuters” bildirir ki, sənəddə tərəflərdən birinə silahlı hücumun bütün iştirakçılara hücum kimi qiymətləndirilməsi prinsipi yer alır. Bununla belə, konkret hərbi öhdəliklərin detalları hələ açıqlanmayıb.

Zelenski və Məhəmməd bin Salman ərzaq təhlükəsizliyi məsələlərinə də toxunublar. Ukrayna prezidentinin sözlərinə görə, Kiyev və Ər-Riyad bu sahədə daha çox nəticə əldə etmək üçün mövqelərini və təmaslarını koordinasiya etmək niyyətindədir.

Ukrayna ilə Səudiyyə Ərəbistanı arasında müdafiə əməkdaşlığı bundan əvvəl də genişləndirilib. Martın 27-də iki ölkənin müdafiə nazirlikləri gələcək müqavilələr, texnologiya əməkdaşlığı və investisiyalar üçün baza yaradan müdafiə satınalmaları üzrə razılaşma imzalayıblar.