Kurskda enerji obyektinə zərbə endirilib

Kursk vilayətinin Medvenski rayonunda enerji obyektinə Ukrayna zərbəsi nəticəsində ziyan dəyib. Ukrayna mənbələri “Qazprom Transqaz Moskva”nın qaz infrastrukturu obyektinin vurulduğunu bildirsə də, OSINT təhlili zərbənin 330 kV-luq “Kurskaya” yarımstansiyasına dəydiyini göstərir.

14

Rusiyanın Kursk vilayətinin Medvenski rayonunda enerji infrastrukturu obyektinə Ukrayna tərəfindən zərbə endirilib. İlkin Ukrayna mənbələri hədəfin “Qazprom Transqaz Moskva”ya məxsus Kursk Magistral Qaz Kəmərləri İdarəsi olduğunu bildirsələr də, sonrakı məlumatlar bu versiyanı şübhə altına alıb.

MSNews.az xəbər verir ki, Ukraynanın bir sıra monitorinq kanalları avqustun 23-də Medvenski rayonunda yerləşən Kursk Xətti İstehsalat Magistral Qaz Kəmərləri İdarəsinin vurulduğunu iddia edib. “24 Kanal” də həmin məlumatlara istinadən ərazidə güclü yanğının baş verdiyini yazıb.

Lakin müstəqil “ASTRA” nəşrinin videolar əsasında apardığı geolokasiya göstərib ki, tüstü və yanğın 330 kV-luq “Kurskaya” yüksək gərginlikli yarımstansiyasının ərazisindən qalxıb. Bu obyekt “Qazprom” müəssisəsindən bir neçə yüz metr məsafədə yerləşir.

Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn də avqustun 24-də Medvenski rayonunda hücum nəticəsində enerji obyektinin zədələndiyini təsdiqləyib. Onun məlumatına görə, istehlakçıların elektrik enerjisi ilə təminatında kəsinti qeydə alınmayıb. “Kurskaya Pravda” yazır ki, həmin sutka ərzində vilayət üzərində 173 Ukrayna pilotsuz uçuş aparatı vurulub.

“ASTRA”nın məlumatına görə, “Kurskaya” yarımstansiyası regionun strateji enerji obyektlərindən biridir və “Drujba” neft kəməri, Urengoy–Pomarı–Ujqorod magistral qaz kəməri, eləcə də Mixaylovski Dağ-Mədən Kombinatı daxil olmaqla bir sıra iri infrastruktur obyektlərinin elektrik təchizatında iştirak edir.

Eyni zamanda, “Qazprom Transqaz Moskva”nın Kursk Magistral Qaz Kəmərləri İdarəsinin həqiqətən də Medvenski rayonunda yerləşdiyi təsdiqlənir. Şirkətin rəsmi məlumatlarında “Qazprom Transqaz Moskva”nın Yelets–Kursk–Kiyev, Yelets–Kursk–Dikanka, Şebелinka–Belqorod–Kursk–Bryansk və digər magistral qaz kəmərlərinin istismarında iştirak etdiyi göstərilir.

Bununla belə, hazırda Ukrayna Silahlı Qüvvələrinin rəsmi komandanlığı “Qazprom”un məhz Kursk qaz nəqli obyektinin vurulduğunu təsdiqləməyib. “Qazprom Transqaz Moskva” da qaz nəqli sistemində qəza və ya fasilə barədə açıqlama yaymayıb. Buna görə də “Qazprom” obyektinə birbaşa zərbə dəyməsi barədə məlumat hələlik təsdiqlənmiş fakt kimi qiymətləndirilə bilməz.