Polşada Konstitusiya Tribunalı ətrafında yaranmış ağır siyasi böhranla eyni vaxtda ölkənin Rusiya və Belarus sərhədlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi Varşavanın həm daxili, həm də xarici siyasətdə həssas mərhələyə daxil olduğunu göstərir.
Siyasi araşdırmaçı Pərviz Əliyev hesab edir ki, baş verən proseslərə yalnız Polşanın daxili siyasi mübarizəsi kimi deyil, Avropanın dəyişən təhlükəsizlik arxitekturası kontekstində baxmaq lazımdır.
Hazırda Donald Tusk hökuməti ilə prezident Karol Navrotski və müxalif “Hüquq və Ədalət” düşərgəsi arasında Konstitusiya Tribunalına nəzarət uğrunda kəskin qarşıdurma yaşanır. Tribunalın rəhbəri Boqdan Şvençkovskinin vəzifədən uzaqlaşdırılması tərəflərin bir-birini konstitusiyanı pozmaqda ittiham etməsinə səbəb olub. Müxalif siyasətçilər və Şvençkovski baş verənləri hətta “dövlət çevrilişi” adlandırıblar.
“Problem ondadır ki, daxili hakimiyyət uğrunda mübarizə artıq təhlükəsizlik və xarici siyasət məsələləri ilə eyni vaxtda inkişaf edir. Belə vəziyyətdə daxili böhranla beynəlxalq qarşıdurmanın sərhədi getdikcə daha bulanıq olur”.
Kalininqrad sərhədində nə baş verir?
Polşa polisi noyabrın əvvəlində Kalininqrad vilayəti və Belarus sərhədi yaxınlığında xüsusi təhlükəsizlik əməliyyatına başlayıb. Əlavə polis, antiterror bölmələri, sərhədçilər, hərbçilər və xüsusi xidmət orqanları Varmiya-Mazuriya və Podlyaskiye bölgələrinə yerləşdirilib.
Polşa rəsmilərinin açıqlamasına görə, tədbirlər ölkənin və müttəfiqlərin kəşfiyyat xidmətlərindən mümkün sabotaj, təxribat və hətta silahlı şəxslərin sərhədi keçməsi riski barədə məlumat alınmasından sonra görülüb. Donald Tusk noyabrın 3-də sərhəddə şübhəli hərəkətin qarşısının alındığını açıqlasa da, bunun planlaşdırılmış təxribat olduğunu tam təsdiqləməyin mümkün olmadığını deyib.
Pərviz Əliyev hesab edir ki, bu qeyri-müəyyənlik özü də diqqətəlayiqdir:
“Kəşfiyyat xəbərdarlıqları real təhlükəyə əsaslana bilər. Amma konkret hücum planlarının ictimaiyyətə açıqlanmaması fonunda hərbi-siyasi ritorikanın necə inkişaf edəcəyini izləmək lazımdır. Çünki Kalininqrad NATO ilə Rusiya arasındakı ən həssas coğrafiyalardan biridir”.
London-Varşava xətti güclənir
Prosesin digər mühüm tərəfi Polşa ilə Böyük Britaniya arasında sürətlə institusionallaşan müdafiə əməkdaşlığıdır.
Mayın 27-də Donald Tusk və Böyük Britaniyanın Baş naziri Kir Starmer Northolt Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı Müqaviləsini imzalayıblar. Saziş hərbi əməkdaşlıq, müdafiə sənayesi, kibertəhlükəsizlik və NATO-nun şərq cinahının gücləndirilməsini nəzərdə tutur.
Oktyabrın 27-də isə tərəflər üçillik Müdafiə Əməkdaşlığı Planını imzalayıblar. Plana birgə təlimlər, uzaqmənzilli dəqiq zərbə imkanları, süni intellekt, dron və antidron sistemləri, müdafiə sənayesi əməkdaşlığı və NATO-nun şərq cinahının gücləndirilməsi daxildir.
“Britaniyanın Polşa təhlükəsizlik sistemində iştirakı artıq epizodik deyil. London və Varşava münasibətləri müqavilələr, hərbi sənaye və NATO planlaması səviyyəsində institusional xarakter alır”.
Əliyevin fikrincə, Polşa Britaniya üçün Baltik dənizi və Şərqi Avropa istiqamətində strateji dayaq rolunu oynaya bilər.
“Daxili böhran xarici qarşıdurmanın tetikleyicisinə çevrilməməlidir”
Siyasi araşdırmaçı hesab edir ki, əsas risk Polşanın daxili siyasi böhranı ilə Rusiya-NATO qarşıdurmasının eyni nöqtədə üst-üstə düşməsidir.
“Kalininqrad ətrafında ciddi hərbi insident baş versə, məsələ artıq Polşa-Rusiya problemi olmayacaq. NATO-nun şərq cinahı və bütövlükdə Avropa təhlükəsizlik sistemi prosesə daxil olacaq”.
Son günlər Tusk özü də Rusiyanı Polşadakı institusional qarşıdurmadan istifadə edərək ölkə daxilində qeyri-sabitliyi artırmağa çalışmaqda ittiham edib. Moskva bu cür ittihamları qəbul etmir.
Əliyevin fikrincə, Avropanın əvvəlki təhlükəsizlik sistemi zəiflədikcə dövlətlərin daxili siyasi mübarizəsi böyük güclərin rəqabəti ilə daha asan şəkildə kəsişə bilər:
“Əsas təhlükə budur ki, daxili siyasi qarşıdurma xarici təhlükəsizlik gündəliyinin alətinə çevrilsin. Belə olan halda siyasi hakimiyyət uğrunda mübarizə ilə geosiyasi qarşıdurma bir-birini qidalandıra bilər”.
Onun qənaətinə görə, Polşa hazırda daxili konstitusiya böhranı, Rusiya ilə sərhəddə artan təhlükəsizlik gərginliyi və Britaniya ilə dərinləşən hərbi əməkdaşlığın eyni anda kəsişdiyi nöqtədədir.
“Əgər bu xətlərdən biri nəzarətdən çıxarsa, Polşadakı daxili böhran daha böyük Avropa təhlükəsizlik böhranının tetikleyicilərindən birinə çevrilə bilər”.