“Pizza Meter”: ABŞ-da pizza sifarişləri və geosiyasi böhranlar – ŞƏRH

Siyasi elmlər üzrə fəlsəfə doktoru Üzeyir Mustafayev ABŞ dövlət dairələrində pizza sifarişlərinin artımını hərbi müdaxilə və siyasi böhran siqnalı kimi izah edən “Pizza Meter” hipotezini təhlil edir.

155

Siyasi elmlər üzrə fəlsəfə doktoru Üzeyir Mustafayev ABŞ dövlət dairələrində pizza sifarişlərinin artımını geosiyasi və hərbi böhranlarla əlaqələndirən maraqlı bir hipotezi təhlil edib. “Pizza meter”, “Pentaqon Pizza Nəzəriyyəsi” və ya daha şairanə ifadə ilə “Maduro-yeyilən pizzanın son dilimi” adlandırılan bu anlayış, xüsusilə Pentaqon, MKİ və Ağ Ev kimi qurumlarda pizza sifarişlərinin kəskin artmasının yaxınlaşan hərbi müdaxilə və ya siyasi böhran siqnalı ola biləcəyini iddia edir.

Hipotezə görə, ABŞ dövlət qurumlarındakı komandalar məşğul olduqda masalarından qalxa bilmir və iş vaxtı bitdikdən sonra da fəaliyyət göstərməyə davam edirlər. Belə hallarda işçilərin qida ehtiyacını ödəmək üçün sifarişlər artır, ən çox seçilən yemək isə pizza olur. Buradan çıxan nəticə belədir: pizza sifarişi artarsa, böhran qaçılmazdır.

Hipotezin ilk dəfə adı çəkilən forması Soyuq Müharibə dövrünə təsadüf edir, amma onun geniş mediada tanınması Frank Meeks ilə bağlıdır. Meeks, 1991-ci il 16 yanvar tarixində Los Ancelesdə “Times” qəzetində yayımlanan “Slice of Life: Pizza Orders Soar in D.C.” məqaləsində belə bir açıqlama vermişdi. O bildirirdi ki, 1990-cı il 1 avqust gecəsi Pentaqondan pizza sifarişləri 3-dən 101-ə yüksəlmişdi və eyni gecə MKİ-dən 21 pizza sifarişi daxil olmuşdu. Növbəti gün isə İraqın Küveytə hücumu ilə Körfəz Müharibəsi başlamışdı.

Oxşar artımlar 1998-ci ilin dekabrında keçmiş prezident Bill Klintonun impiçment dinləmələri zamanı da müşahidə olunmuşdu. 13 aprel 2024-cü ildə “Google Maps”-in “populyar vaxtlar” qrafikinə görə Vaşinqtondakı “Papa John’s” restoranında qeyri-adi yüksək aktivlik İranın İsrail ərazisinə dron hücumları ilə üst-üstə düşmüşdü. 12 iyun 2025-ci il tarixində “District Pizza Palace” restoranında müşahidə olunan böyük aktivlik artımı isə saat 20:00-da İsrailin İrana qarşı bombardman kampaniyası ilə nəticələnmişdi. 2026-cı il yanvarın 2-si gecə saatları ilə 3 yanvar səhəri arasında Pentaqon yaxınlığındakı “Papa John’s” restoranında qeyri-adi aktivlik yenidən müşahidə edilmiş, eyni gecə ABŞ-ın Venesuellaya müdaxiləsi baş vermişdi.

Üzeyir Mustafayev qeyd edir ki, bu müşahidələrdən çıxan nəticə belədir ki, Maduro hələ yeyilməkdə olan pizzanın son dilimi deyil və pizza sifarişlərinin artımı hələ də geosiyasi həyəcan siqnalı kimi dəyərləndirilə bilər. Təbii ki, bu yalnız hipotezdir və pizza sifarişlərinin həqiqətən geosiyasi hadisələrlə bağlı olub-olmaması üçün ciddi tədqiqat tələb olunur.

Hipotezi canlı olaraq Pizza Meter saytından izləmək mümkündür.

Üzeyir Mustafayev

Siyasi elmlər üzrə fəlsəfə doktoru