Son illərdə genetik araşdırmalar antropologiya, tarix və etnoqrafiya kimi sahələrin ən mühüm tədqiqat istiqamətlərindən birinə çevrilib. Xüsusilə, Qafqaz kimi mürəkkəb etno-tarixi proseslərin baş verdiyi coğrafiyada DNT analizləri qədim köçlərin, mədəni təmasların və etnogenez proseslərinin daha dərindən anlaşılmasına imkan verir.
Azərbaycan əhalisinin genetik tərkibini sistemli şəkildə öyrənməyi qarşıya məqsəd qoyan “Azerbaijan DNA Project” də məhz bu elmi ehtiyacdan doğmuş təşəbbüslərdən biridir. Qeyd edək ki, layihə 2010-cu ildən etibarən fəaliyyət göstərir və rəhbəri Əkbər Əliyevdir.
Müsahibədə layihənin “co-admin”i Orxan Xansuvar ilə layihənin əsas məqsədləri, Azərbaycan əhalisinin genetik mənzərəsi və gələcək strategiyalar barədə danışdıq. Məlumat üçün qeyd edək ki, “co-admin” heyətinə O.Xansuvardan savayı Rəzzaq Xansuvar, İlqar Əsədov, Sərxan Bəşirov və Ülvi Məmmədov da daxildir.
Layihənin məqsədi
Azərbaycan DNT Layihəsinin əsas məqsədi, ölkəmizdə yaşayan bütün xalqların genetik mənşəyini və etnogenezini müasir elmi metodlarla araşdırmaqdır. Layihə çərçivəsində Y-DNT (ata xətti), mtDNA (ana xətti) və avtosomal DNT analizləri vasitəsilə Azərbaycan əhalisinin genetik xəritəsi hazırlanır, genetik müxtəlifliyi və tarixi qarışıqlar öyrənilir.
“Hər bir DNT nümunəsi təkcə fərdi məlumat deyil, həm də Azərbaycan xalqının tarixi kimliyinin bir hissəsidir. Bu layihə ölkəmizdə ilk dəfə olaraq milli səviyyədə genetik tədqiqatları həyata keçirən elmi platformadır.”
Layihə həmçinin tibbi-genetik tədqiqatlar üçün etibarlı baza yaradır, genetik xəstəliklər və irsi sindromların populyasion səviyyədə təhlilini təmin edir. Qədim DNT və bio-tarixi araşdırmalar nəticəsində Azərbaycana qarşı yönəldilən saxta ərazi iddialarına elmi-genetik dəlillər də formalaşdırılır.
Azərbaycanın genetik mənzərəsi
Hazırkı məlumatlara əsasən, Azərbaycanda ən geniş yayılmış Y-xromosom haploqrupları J2, R1b və R1a qruplarıdır.
- J2 haploqrupu qədim Yaxın Şərq, Anadolu və Cənubi Qafqaz mənşəli komponenti təmsil edir, xüsusən Kür-Araz mədəniyyəti və erkən kənd təsərrüfatı mərhələləri ilə əlaqələndirilir.
- R1b haploqrupu Qərbi Avrasiya və Qara dəniz–Xəzər step bölgəsi ilə tarixi genetik əlaqələri göstərir, Tunc dövrü miqrasiyaları zamanı regiona daxil olub.
- R1a haploqrupu Şərqi Avropa, Hind-İran və Orta Asiya genetik xəttini əks etdirir, lakin Qafqazda da qədim təbəqələri mövcuddur.
“Azərbaycan genetik olaraq həm Qafqaz və Yaxın Şərq gen hovuzunun, həm də Avrasiya step komponentinin daşıyıcısıdır — bu da onu Avrasiya genetik xəritəsində ‘körpü’ mövqeyinə gətirir.”
Avtosomal DNT analizlərində Azərbaycanın genetik profilləri Böyük Britaniya, Şotlandiya, İngiltərə, İrlandiya və Yunanıstan kimi uzaq Avropa populyasiyaları ilə müəyyən dərəcədə oxşarlıq göstərir. Bu, müasir əlaqələrdən yox, ortaq qədim genetik mənbələr və miqrasiya dalğaları ilə izah olunur.
Tur Heyerdalın iddiası və genetik sübutlar
Müsahibimizə belə bir sual ünvanladıq: “Norveçli tədqiqatçı Tur Heyerdal skandinav xalqlarının əcdadlarının Qafqazdan köç etdiyini iddia edirdi. Müasir genetik tədqiqatlar bu tezisin hər hansı aspektlərini təsdiq edir, yoxsa o daha çox mifoloji və ya spekulyativ xarakter daşıyır?”
“Genetik tədqiqatlarımız zamanı Quba və Qusar rayonlarının bəzi dağlıq kəndlərində Y-DNT haploqrupu Skandinaviya xalqları, xüsusilə vikinqlərlə eyni nəticələr göstərir. Araşdırmalarımız bu istiqamətdə davam edir və testlərin sayı artdıqca daha dəqiq məlumatlar təqdim edəcəyik.”
Genetik atlas planı
“Azərbaycanda ictimaiyyət üçün açıq genetik atlas və ya regionlar üzrə genetik xəritə hazırlanması nəzərdə tutulurmu?” sualına müsahibimiz geniş cavab verib.
O qeyd edib ki, belə bir planları var və genetik atlasın yaradılması bir neçə mərhələdən ibarət prosesdir:
- Etik icazələrin alınması, məlumatların anonimləşdirilməsi və nümunə toplama üzrə texniki plan tərtib olunacaq.
- Pilot regionlar — Cənub (Lənkəran–Astara), Şimal (Quba–Qusar), Qərb (Gəncə–Tovuz), Mərkəz (Abşeron–Bakı) və Naxçıvan bölgələrində ilkin tədqiqatlar aparılacaq.
- Regionlara xas Y-xromosom, mtDNA və avtosomal markerlər müəyyən ediləcək.
- Populyasiya-genetik analizlər (ADMIXTURE, PCA, FST və s.) aparılacaq, genetik komponentlərin coğrafi paylanma xəritələri tərtib ediləcək.
- Son mərhələdə “Açıq Genetik Atlas” portalı yaradılacaq.
Gözlənilən faydalar
Elmi baxımdan: Azərbaycanın genetik xəritəsi beynəlxalq tədqiqatlarda müqayisə üçün etalon rolunu oynayacaq, qədim və müasir əhali arasında genetik ardıcıllıq qiymətləndiriləcək və genetik komponentlərin coğrafi paylanması multidissiplinar tədqiqatlara zəmin yaradacaq.
Tibbi baxımdan: Genetik xəstəliklər və dərmanlara fərdi cavab üzrə məlumat bazası formalaşacaq və milli səhiyyə sistemində genom əsaslı fərdi tibbin tətbiqi üçün baza təmin ediləcək.
İctimai baxımdan: Cəmiyyət genetik müxtəlifliyin milli sərvət və elmi dəyər olduğunu anlayacaq, hər bir region öz genetik irsini tanıyacaq, yalnış etnik stereotiplərin qarşısı alınacaq və gənc tədqiqatçılar üçün açıq data və elmi resurslar yaradılacaq.
“Layihənin strateji məqsədi, Azərbaycanı Qafqaz regionunda ilk genetik atlas yaradan ölkə statusuna gətirmək, elmi məlumatı ictimai biliklə birləşdirmək və genetik irsi gələcək nəsillər üçün etibarlı şəkildə sənədləşdirməkdir.”
Hazırda layihə çərçivəsində 1500-dən çox azərbaycanlının DNT nümunəsi toplanmış və elmi təhlil üçün sistemləşdirilmişdir. Nəticələr milli genetik xəritənin formalaşdırılması və Azərbaycanın qədim və müasir genetik irsinin elmi əsaslarla sənədləşdirilməsi üçün baza yaradır.
Azərbaycanın genetik mənzərəsinin daha dərindən öyrənilməsi həm tarixi proseslərin anlaşılması, həm də etnoqrafik kimliyin elmi əsaslarla təhlili üçün böyük əhəmiyyət daşıyır. Ümid edirik ki, “Azerbaijan DNA Project” bu istiqamətdə həm elmi biliklərin genişlənməsinə, həm də ictimai maarifləndirməyə mühüm töhfə verəcək.