Rusiya müharibədə hər saata 2,5 milyard rubl xərc çəkib

Rusiya 2026-cı ilin ilk yarısında ordu və silah istehsalına rekord 10,7 trilyon rubl xərcləyib. SWP araşdırmaçısı Yanis Klügenin hesablamalarına görə, hərbi xərclər federal büdcənin 43,8 faizinə çatıb.

67

Rusiya 2026-cı ilin ilk altı ayında ordu və silah istehsalına rekord həcmdə — təxminən 10,7 trilyon rubl vəsait xərcləyib. Bu, orta hesabla ayda 1,78 trilyon, gündə 59 milyard, hər saat isə təxminən 2,5 milyard rubl deməkdir.

MSNews.az xəbər verir ki, hesablamaları Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun — SWP-nin tədqiqatçısı Yanis Klüge Rusiya Maliyyə Nazirliyinin rəsmi büdcə məlumatları əsasında aparıb. “SWP” bildirir ki, Rusiyanın hərbi xərcləri 2026-cı ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artaraq 10,7 trilyon rubla çatıb.

Klügenin hesablamalarına görə, bu göstərici 2024-cü ilin ilk yarısı ilə müqayisədə 65 faiz, genişmiqyaslı müharibənin ilk ili ilə müqayisədə isə 285 faiz çoxdur. Müharibədən əvvəlki 2021-ci illə müqayisədə Rusiyanın hərbi xərcləri beş dəfədən çox artıb.

Hərbi və müdafiə sənayesi ilə bağlı xərclər ilin ilk yarısında bütün federal büdcə xərclərinin 43,8 faizinə bərabər olub. Eyni məbləğ büdcəyə daxil olan ümumi gəlirlərin 57,3 faizinə uyğun gəlib. Bir il əvvəl bu göstəricilər müvafiq olaraq 39,2 və 46,8 faiz təşkil edirdi.

Hesablamaların diqqətçəkən hissələrindən biri xərclərin böyük qisminin məxfi büdcə maddələrində əks olunmasıdır. 10,687 trilyon rublun 3,546 trilyonu açıq müdafiə maddələri üzrə, 7,141 trilyon rublu isə məxfiləşdirilmiş büdcə xətləri üzrə qeydə alınıb. Bu, ümumi hərbi xərclərin təxminən üçdə ikisinə bərabərdir.

2022-ci ilin əvvəlindən 2026-cı ilin ortalarınadək Rusiyanın ordu və silah istehsalına yönəltdiyi ümumi vəsaitin 57,1 trilyon rubla, hazırkı məzənnə ilə təxminən 660 milyard dollara çatdığı hesablanır.

SWP qeyd edir ki, Moskva 2026-cı ildə hərbi xərcləri azaltmağı planlaşdırsa da, faktiki dinamika əks istiqamətdə gedir. İlin ilk yarısındakı xərc artıq ölkənin 2026-cı il üçün proqnozlaşdırılan ÜDM-nin 4,7 faizinə bərabərdir. Eyni temp ilin sonunadək davam edərsə, hərbi xərclərin ÜDM-də payı 9 faizi keçərək postsovet dövrünün yeni rekorduna çata bilər.

Artan xərclər Rusiyanın büdcə balansına da təzyiq göstərir. “Reuters”-in məlumatına görə, federal büdcə kəsiri yanvar–iyul aylarında ÜDM-in 2,8 faizinə çatıb və hökumətin bütün 2026-cı il üçün nəzərdə tutduğu ilkin hədəfdən xeyli yüksək olub. Prezident Vladimir Putin isə sentyabrın 3-də Vladivostokda çıxışı zamanı vəziyyətdə “kritik heç nə olmadığını” bildirib.

Qeyd etmək vacibdir ki, 10,7 trilyon rubl rəqəmi Rusiya büdcəsində “Ukrayna müharibəsi xərci” adlı ayrıca rəsmi maddə deyil. Bu, SWP-nin Rusiya Maliyyə Nazirliyinin açıq və məxfi büdcə bölmələrini təhlil edərək hərbi və silah istehsalı ilə əlaqəli xərcləri birləşdirməsi nəticəsində əldə etdiyi analitik hesablamadır. “SWP Russian Budget Monitor” rəsmi Maliyyə Nazirliyi məlumatlarının bu metodologiya ilə sistemləşdirildiyini bildirir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.