Alimlərdən mühüm kəşf: Pişiklər xərçəngin müalicəsinə kömək edə bilər

Alimlər 493 ev pişiyinin şişlərini araşdıraraq insan xərçəngi ilə mühüm genetik oxşarlıqlar aşkarlayıblar. Kəşf gələcəkdə daha effektiv və fərdi müalicə üsullarının hazırlanmasına imkan yarada bilər.

78

Beynəlxalq alimlər qrupu ev pişiklərində yaranan xərçəng şişləri ilə insanlarda müşahidə edilən xərçəng xəstəlikləri arasında mühüm genetik oxşarlıqlar aşkarlayıb. Kəşfin gələcəkdə həm insanlar, həm də heyvanlar üçün daha effektiv müalicə üsullarının hazırlanmasına kömək edə biləcəyi bildirilir.

MSNews.az xəbər verir ki, fevralın 19-da elmi “Science” jurnalında dərc olunan araşdırmada beş ölkədən 493 ev pişiyinin 13 müxtəlif xərçəng növünə aid şiş nümunələri təhlil edilib. Alimlər xərçənglə əlaqəli təxminən 1000 geni araşdıraraq insan və pişiklərdə bir sıra ortaq genetik dəyişikliklər müəyyənləşdiriblər.

Ən diqqətçəkən nəticələrdən biri FBXW7 geni ilə bağlı olub. Bu gendəki dəyişikliklər pişiklərdə araşdırılan bədxassəli süd vəzi şişlərinin yarıdan çoxunda aşkarlanıb. İnsanlarda da həmin genin mutasiyaları süd vəzi xərçənginin daha əlverişsiz proqnozu ilə əlaqələndirilir.

Oxşarlıqlar yalnız süd vəzi xərçəngi ilə məhdudlaşmayıb. Alimlər qan, sümük, ağciyər, dəri, həzm sistemi və mərkəzi sinir sistemi şişlərində də insan xərçənginə bənzər genetik xüsusiyyətlər aşkar ediblər.

Britaniyanın “Financial Times” nəşrinin məlumatına görə, laboratoriya sınaqlarında bəzi xərçəng preparatları FBXW7 mutasiyası daşıyan pişik şişlərinin böyüməsini ləngidib. Bu nəticələr gələcəkdə genetik xüsusiyyətlərə uyğun fərdi müalicə üsullarının hazırlanması üçün yeni imkanlar yaradır.

Tədqiqatçılar pişiklərin insanlarla eyni yaşayış mühitini bölüşməsinə də diqqət çəkiblər. Bu amil ətraf mühitin xərçəngin yaranmasına təsirini daha dərindən öyrənməyə kömək edə bilər.

Bununla belə, kəşf hələ yeni müalicə üsulunun hazırlandığı anlamına gəlmir. Alimlər nəticələrin klinik praktikada tətbiqi üçün əlavə araşdırmaların zəruri olduğunu vurğulayırlar.

 

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.