“Nokia” rüblük nəticələri açıqladı, səhmlər 16 ilin zirvəsinə yüksəldi

 "Nokia" 2026-cı ilin ilk rübündə 281 milyon avro müqayisəolunan əməliyyat mənfəəti açıqlayaraq bazar proqnozlarını üstələdi. Süni intellekt və bulud seqmentində artım şirkətin səhmlərini 16 ilin ən yüksək səviyyəsinə qaldırdı.

13

Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı “Nokia” 2026-cı ilin ilk rübü üzrə bazar gözləntilərini üstələyən nəticələr açıqladıqdan sonra səhmləri kəskin bahalaşıb.

Şirkətin səhmləri Helsinki birjasında səhər ticarətində təxminən 7% artaraq 2010-cu ilin aprelindən bəri ən yüksək səviyyəyə çatıb.

Şirkətin müqayisəolunan əməliyyat mənfəəti birinci rübdə illik müqayisədə 54% artaraq 281 milyon avroya yüksəlib. Bu göstərici analitiklərin gözlədiyi 250 milyon avrodan yüksək olub. Müqayisəolunan xalis satışlar isə 4,5 milyard avro ilə bazar proqnozlarına uyğun gəlib.

“Nokia”-nın artımında əsas rol süni intellektvə bulud infrastrukturu sahəsində tələbin güclənməsi olub. Şirkətin rəsmi hesabatına əsasən, süni intellekt və bulud müştərilərindən gələn satışlar 49% artıb, bu seqmentdə 1 milyard avroluq yeni sifariş qeydə alınıb. “Nokia” bildirib ki, xüsusilə optik şəbəkələr və IP şəbəkələri istiqamətində güclü nəticələr müşahidə olunub.

Şirkət bu fonda proqnozlarını da yaxşılaşdırıb. “Nokia” artıq süni intellekt və bulud üçün ünvanlana bilən bazarın 2025–2028-ci illərdə illik 27% artacağını gözləyir; əvvəlki proqnoz 16% idi. Bundan başqa, şəbəkə infrastrukturu seqmenti üzrə 2026-cı il üçün satış artımı gözləntisi 6–8% aralığından 12–14% aralığına qaldırılıb. CEO Castin Hotard şirkətin illik müqayisəolunan əməliyyat mənfəəti üzrə 2,0–2,5 milyard avro proqnozunun orta nöqtəsindən bir qədər yuxarı getdiyini bildirib.

“Nokia”-nın açıqladığı rəsmi rəqəmlərə görə, birinci rübdə müqayisəolunan ümumi mənfəət marjası 45,5%, müqayisəolunan əməliyyat marjası isə 6,2% olub. Şirkət son dövrdə ABŞ-ın “Infinera” şirkətini alması ilə optik nəqliyyat sistemləri bazarında mövqeyini daha da gücləndirib və süni intellekt məlumat mərkəzlərinə artan tələbdən faydalanan əsas oyunçulardan birinə çevrilib.