Latviya noyabrın 1-dən tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrliyi öz üzərinə götürüb. Riqa bir ay davam edəcək sədrliyi dövründə Ukraynadakı müharibəni və yeni texnologiyaların beynəlxalq təhlükəsizliyə təsirini əsas prioritetlər sırasında saxlayacaq.
MSNews.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb. Ölkə noyabr ayı ərzində Təhlükəsizlik Şurasının bütün rəsmi və qeyri-rəsmi iclaslarına rəhbərlik edəcək.
Latviyanın BMT yanında daimi nümayəndəsi Sanita Pavlyuta-Deslandes bildirib ki, sədrliyin əsas məqsədlərindən biri Rusiyanın Ukraynaya qarşı müharibəsinin beynəlxalq gündəmdə qalmasını təmin etməkdir.
Diplomatın sözlərinə görə, Latviya Rusiyanın hərbi müdaxiləsinin normallaşdırılması cəhdlərinə və Moskvanın informasiya siyasətinə qarşı çıxmağa davam edəcək.
O qeyd edib ki, sədrliyin əsasən prosedur xarakteri daşımasına baxmayaraq, bu status Latviyaya öz prioritetlərini gündəmə gətirmək üçün əlavə imkanlar yaradır.
Nazirliyin məlumatına görə, 2026-cı ildə BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı 16 rəsmi iclas keçirilib. Onların əksəriyyəti Latviyanın və Avropalı tərəfdaşlarının təşəbbüsü ilə çağırılıb.
Sədrliyin digər mühüm istiqaməti süni intellekt və yeni texnologiyaların təhlükəsizlik sahəsində yaratdığı çağırışlar olacaq. Latviya və Yunanıstanın təşəbbüsü ilə oktyabrın 23-də yaradılmış Texnologiya, Sülh və Təhlükəsizlik üzrə qeyri-rəsmi ekspert qrupunun ilk iclasının da noyabrda keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Latviya 2026–2027-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Ölkənin sədrliyi noyabrın 30-dək davam edəcək. Daha sonra bu vəzifə Liberiyaya keçəcək.