Azərbaycan nümayəndə heyəti Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistana səfər edib. Məlumata görə, nümayəndə heyətini daşıyan təyyarə İrəvanın “Zvartnots” beynəlxalq hava limanına enib. Ermənistanın Mülki Aviasiya Komitəsi də Bakıdan İrəvana Azərbaycan nümayəndə heyətinin gəldiyini təsdiqləyib.
Səfərin gündəliyi barədə hələlik rəsmi geniş açıqlama verilməyib. Bununla belə, Şahin Mustafayev Azərbaycan tərəfdən Ermənistanla sərhədin delimitasiyası, sərhəd təhlükəsizliyi və regional kommunikasiyalar üzrə danışıqlarda əsas rəsmi şəxslərdən biridir. Ermənistan tərəfdən bu prosesdə onun həmkarı Baş nazirin müavini Mher Qriqoryandır.
Qeyd edək ki, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində son dövrlər sərhədin delimitasiyası, nəqliyyat-kommunikasiya xətləri və qarşılıqlı etimad tədbirləri üzrə təmasları davam etdirirlər. 2025-ci ilin noyabrında Qəbələdə keçirilmiş görüşdən sonra Rusiya Federasiyasından Ermənistana Azərbaycan ərazisi ilə tranzit yükdaşımalarının bərpası üzrə razılıq əldə olunmuşdu.
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri Bakı və İrəvan arasında normallaşma prosesinin, sərhəd məsələləri və regional əlaqələrin açılması istiqamətində aparılan danışıqların davamı kimi qiymətləndirilir.