Almaniyanın 30-dan çox şəhərində minlərlə gənc kansler Fridrix Merts hökumətinin siyasətinə, hərbi xərclərin artırılmasına və icbari hərbi xidmətin mümkün bərpasına qarşı küçələrə çıxıb. Nümayişçilər təhsil və sosial sahələrə daha çox vəsait ayrılmasını tələb ediblər.
MSNews.az xəbər verir ki, oktyabrın 31-də keçirilən etirazlar “Gen Z regelt” (“Z nəsli idarə edir”) təşəbbüsü ilə təşkil olunub. “Reuters” agentliyinin məlumatına görə, aksiyalar Almaniyanın 34 şəhərini əhatə edib.

Berlində Brandenburq qapısı qarşısına polis hesablamalarına əsasən, təxminən 5 min nəfər toplaşıb. Ştutqart, Hamburq, Frankfurt və digər şəhərlərdə də nümayişlər keçirilib. Etirazçılar yaşayış xərclərinin azaldılmasını, təhsilin maliyyələşdirilməsini, iqlim siyasətinin gücləndirilməsini və məcburi hərbi xidmət planlarından imtina olunmasını tələb ediblər.
“Euronews” yazır ki, nümayişçilər hökumətin hərbi sahəyə ayırdığı vəsaitin sosial ehtiyaclara yönəldilməsini istəyiblər. Aksiyalarda Mertsin istefasını tələb edən və hərbi büdcəyə etiraz edən şüarlar səsləndirilib.
Etirazlar əsasən dinc keçsə də, bəzi şəhərlərdə qarşıdurmalar qeydə alınıb. Frankfurt, Hamburq və Berlində mağazalara ziyan vurulması, barrikadaların yandırılması və polisə müxtəlif əşyaların atılması halları baş verib. Frankfurt şəhərində saxlanılanların olduğu bildirilir.

Mümkün iğtişaşlardan ehtiyatlanan bəzi mağaza sahibləri əvvəlcədən vitrinlərini qoruyucu lövhələrlə bağlayıblar.
“Tagesschau” nəşrinin məlumatına görə, təşkilatçılar ölkə üzrə təxminən 120 min nəfərin aksiyalara qatıldığını bildiriblər. Bununla belə, iştirakçı sayı ilkin gözləntilərdən az olub və təşkilatçıların açıqladığı ümumi rəqəm müstəqil şəkildə təsdiqlənməyib.
“Gen Z regelt” hərəkatı etirazları davam etdirmək niyyətindədir. Təşəbbüs noyabrın 2–6-da məktəb və universitetlərdə əlavə aksiyalara çağırıb.