Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər.
Dövlət başçısı və birinci xanım Həzi Aslanovun abidəsi önünə gül dəstələri qoyaraq, faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olmuş bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla yad ediblər.
Həzi Aslanov İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığa görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Azərbaycanın görkəmli hərbi xadimlərindən biridir. Onun adı faşizmə qarşı mübarizədə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi xatırlanır.



