NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton yaxın vaxtlarda Azərbaycana səfər edəcək. Bu barədə NATO rəsmisi “Report”-un Avropa bürosuna açıqlamasında bildirib. Səfərin dəqiq tarixi hələ açıqlanmayıb.
Məlumata görə, Hamiltonun səfəri Alyansın Cənubi Qafqaz ölkələri ilə dialoq və əməkdaşlığı gücləndirmək səyləri çərçivəsində baş tutacaq. NATO regionu strateji əhəmiyyətli məkan kimi qiymətləndirir. Hamilton hazırda vəzifəyə başladıqdan sonra ikinci regional turu çərçivəsində Gürcüstandadır, apreldə isə Ermənistana səfər edib.
NATO-nun rəsmi məlumatına əsasən, Kevin Hamilton 2026-cı ilin martından Baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsidir. O, Alyansın bu iki region üzrə siyasətinin həyata keçirilməsinə cavabdehdir və eyni zamanda NATO-nun Siyasi məsələlər və təhlükəsizlik siyasəti bölməsində tərəfdaşlıq üzrə Baş katib köməkçisinin müavini vəzifəsini tutur.
Hamilton daha əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla da görüşüb. Azərbaycan XİN-in məlumatına görə, aprelin 18-də Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən görüşdə Azərbaycan–NATO tərəfdaşlığı, “Sülh naminə tərəfdaşlıq” proqramı, regional proseslər və əməkdaşlığın perspektivləri müzakirə olunub.
Gözlənilən səfər Azərbaycan–NATO münasibətlərinin davam edən siyasi dialoq, təhlükəsizlik sahəsində əməkdaşlıq və regional sabitlik kontekstində müzakirəsi baxımından əhəmiyyətli hesab olunur.