ABŞ Prezidenti Donald Tramp Salvador Prezidenti Nayib Bukelenin Haitiyə minlərlə hərbçi göndərmək və silahlı cinayətkar dəstələrə qarşı əməliyyatları genişləndirmək qərarını dəstəkləyib. Məlumata görə, Salvadorun hərbi kontingenti 6 min nəfərə qədər artırıla bilər.
MSNews.az xəbər verir ki, bu barədə ABŞ-nin “Axios” nəşri danışıqlardan məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, Bukele oktyabrın 27-də Trampa zəng edərək Haiti hökuməti ilə razılaşdırılmış hərbi əməliyyatı müzakirə edib. ABŞ lideri ona “Nə etməlisinizsə, edin” deyərək dəstəyini ifadə edib.
Tramp sonradan jurnalistlərə açıqlamasında Bukele ilə danışdığını təsdiqləyərək Salvador prezidentinə ölkəsinin maraqları naminə zəruri addımları atmalı olduğunu söylədiyini bildirib.
Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
Əməliyyatla bağlı diqqətçəkən məqamlardan biri də “Blackwater”in təsisçisi Erik Prinsin Haitidə fəaliyyət göstərən”Vectus Global” özəl təhlükəsizlik şirkətidir. Şirkət ölkədə ayrıca fəaliyyət göstərir, lakin Salvador qüvvələri ilə birgə əməliyyat keçirəcəyi təsdiqlənməyib.
Mənbələrin bildirdiyinə görə, ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun əməliyyatda birbaşa iştirakına ehtiyatla yanaşıb. Salvadorun pilotsuz uçuş aparatları və hərbi-nəqliyyat təyyarələri ilə bağlı müraciətləri də rədd edilib.
Bu arada Haitidə silahlı dəstələrin zorakılığı fonunda prezident seçkiləri 2027-ci ilə təxirə salınıb. “Axios”un məlumatına görə, ilin əvvəlindən ölkədə cinayətkar dəstələrin zorakılığı nəticəsində 5 700-dən çox insan həyatını itirib.