Avropa ölkələri arasında Rusiya ilə mümkün sülh danışıqlarını kimin aparmalı olduğu barədə ciddi fikir ayrılıqları yaranıb. Bir sıra Avropa liderlərinin Moskva ilə birbaşa təmaslara can atması vahid diplomatik mövqenin formalaşdırılmasını çətinləşdirir.
MSNews.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.
Nəşrə danışan yüksəkvəzifəli avropalı diplomat bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə dialoqun zəruriliyi müəyyən qədər qəbul edilsə də, ayrı-ayrı liderlərin təşəbbüsləri getdikcə koordinasiyasız xarakter alır. Onun sözlərinə görə, həddindən artıq çox siyasətçi Putini danışıqlara məhz özünün razı sala biləcəyinə inanır.
Mübahisələr Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störenin Putinlə telefon danışığından sonra daha da aktuallaşıb. Danimarka və İsveç bu təşəbbüsün müttəfiqlərlə kifayət qədər razılaşdırılmamasını tənqid ediblər.
Eyni zamanda Fransa, Almaniya və Böyük Britaniya nümayəndələri də Moskva ilə müxtəlif diplomatik təmaslar qurublar. Lakin Avropanı vahid şəkildə təmsil edəcək danışıqlar nümayəndəsinin müəyyənləşdirilməsi istiqamətində hələlik razılıq əldə olunmayıb.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas isə danışıqları kimin aparacağından əvvəl Rusiyaya qarşı ortaq tələblərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Müşahidəçilərin fikrincə, Avropa daxilində koordinasiyanın olmaması Moskva ilə danışıqlarda ümumi mövqeyi zəiflədə və Rusiyanın mövcud fikir ayrılıqlarından istifadə etməsinə şərait yarada bilər.