Novruzəli Yusubzadə: “İsraildə əsas mübarizə indi başlayır”

QAFSAM eksperti Novruzəli Yusubzadə İsraildə seçkilərdən sonra yaranan parlament mənzərəsini, ərəb partiyalarının rekord nəticəsini və mümkün koalisiya ssenarilərini şərh edib.

111

İsraildə keçirilən parlament seçkiləri ölkəni yenidən mürəkkəb koalisiya hesablamaları qarşısında qoyub. Hazırkı ilkin nəticələrə görə, Benyamin Netanyahunun rəhbərlik etdiyi blok 53, Qadi Eyzenkotun rəhbərlik etdiyi yəhudi müxalifət bloku 48, ərəb partiyaları isə birlikdə 19 mandat əldə edir. Heç bir düşərgə hökumət qurmaq üçün lazım olan 61 mandata sahib deyil. Son səslərin, xüsusilə hərbçilərin və xaricdə səs verənlərin bülletenlərinin sayılması davam etdiyindən bu rəqəmlər hələ yekun nəticə sayılmır.

QAFSAM eksperti Novruzəli Yusubzadə hesab edir ki, seçkinin ən mühüm nəticələrindən biri ərəb partiyalarının rekord göstəriciyə çatmasıdır.

“Ərəblərin 19 mandat alması İsrail siyasətində yeni reallıq yaradır. Artıq nə Netanyahu, nə də dəyişiklik istəyən blok ərəb partiyalarını tamamilə görməzdən gələ bilir”.

“Joint List və Ra’am” birlikdə 19 mandatla İsrail tarixində ərəb partiyalarının ən yüksək parlament təmsilçiliyinə doğru gedirlər. “Reuters”-in məlumatına görə, “Joint List” Eyzenkotun rəhbərlik edəcəyi azlıq hökumətinə kənardan dəstək verə biləcəyini bildirib, Ra’am isə hökumətdə iştirak variantına daha açıq yanaşır.

Netanyahunun qarşısında hansı yollar var?

Yusubzadənin fikrincə, Netanyahunun əsas problemi səkkiz əlavə mandat tapmaqdır.

Hazırkı bölgüdə Likud və onun sağçı-ultraortodoks tərəfdaşları 53 mandata sahibdir. Eyzenkotun Yashar partiyasının Netanyahu ilə vahid hökumət qurması nəzəri baxımdan ən rahat riyazi həllərdən biridir. Reuters də mümkün milli birlik hökumətini əsas ssenarilərdən biri kimi göstərir.

Yusubzadə bunu belə izah edir:

“Netanyahu üçün ən böyük seçim budur: mövcud ifrat sağ tərəfdaşlarını qorumaq, yoxsa mərkəzə doğru gedib Eyzenkot və ya Bennett kimi qüvvələrlə razılaşmaq”.

Lakin siyasi maneə böyükdür. Eyzenkot seçkidən əvvəl Netanyahu rəhbərliyində hökumətdə işləməyəcəyini açıq şəkildə bildirib. Avigdor Liberman da Netanyahu ilə hökumət qurmayacağını bəyan edib.

Netanyahu isə seçkidən sonra Ben Qvir və Smotriçə onları tərk etməyəcəyinə dair mesaj verib.

Eyzenkot üçün yol ərəb partiyalarından keçir

Eyzenkot blokunun isə 61 mandat üçün əlavə 13 yerə ehtiyacı var.

“Eyzenkot hökumət qurmaq istəyirsə, ərəb partiyalarının dəstəyi faktiki olaraq əsas açarlardan birinə çevrilir. Bu dəstək hökumət daxilində və ya kənardan verilə bilər”.

“Reuters”-in təhlilinə görə, bütün 48 müxalifət mandatı və 19 ərəb mandatı birlikdə 67 yer təşkil edir və nəzəri olaraq Netanyahu əleyhinə hökumət yaratmağa kifayət edir. Lakin yəhudi müxalifət partiyalarının bir hissəsi ərəb partiyaları ilə əməkdaşlığı seçki kampaniyası zamanı istisna edib.

Yusubzadənin fikrincə, Bennettin rəhbərlik etdiyi B’Yachad ilə Ra’am arasında kompromis axtarışı da mümkün siyasi ssenarilərdən biri kimi gündəmə gələ bilər.

“Əsas paradoks budur ki, seçkinin taleyini ilk dəfə bu dərəcədə ərəb partiyalarının siyasi qərarı müəyyənləşdirə bilər”.

Ofer Vinter faktoru

Yusubzadə Netanyahunun sağ blokdakı səsləri qorumaq üçün seçkidən əvvəl apardığı kampaniyaya da diqqət çəkir.

Keçmiş general Ofer Vinterin “People of Israel” partiyası 3,25 faizlik seçki baryerini keçə bilməyib və hazırkı sayımda təxminən 1,6 faiz səs alıb. Seçkidən əvvəl Likud və Smotriç Vinterin namizədliyini geri çəkməsi üçün onun dini-siyasi çevrələrinə təzyiq göstərməyə çalışmışdı.

“Netanyahu üçün Vinterin baryerin altında qalması mühüm idi. Əks halda sağ düşərgənin səslərinin bir hissəsi parlamentdən kənarda qala və blokun vəziyyəti daha da çətinləşə bilərdi”.

Eyzenkotun seçkidən sonrakı açıqlaması yeni mübahisə yaradıb

Seçkidən dərhal sonra Eyzenkot təhlükəsizlik və dövlət strukturlarının rəhbərlərinə müraciət edərək Netanyahunun artıq keçid hökumətinin başçısı olduğunu və təhlükəsizlik məsələlərindən siyasi məqsədlərlə istifadə edilməsinə imkan verilməməli olduğunu bildirib.

Bu açıqlama hökumət düşərgəsində sərt reaksiya doğurub. Müdafiə naziri İsrael Katz Eyzenkotun təhlükəsizlik rəhbərlərinə müraciətini “antidemokratik” adlandırıb.

Yusubzadə hesab edir ki, bu polemika mümkün yeni seçki kampaniyasında da istifadə edilə bilər:

“Əgər hökumət qurmaq mümkün olmazsa və ölkə yeni seçkiyə getsə, Netanyahu bu açıqlamanı Eyzenkotun əleyhinə istifadə etməyə çalışacaq. Təhlükəsizlik strukturları ilə siyasi hakimiyyət arasındakı münasibət seçki kampaniyasının ayrıca mövzusuna çevrilə bilər”.

Bununla belə, İsrail hüququna görə keçid hökuməti formal olaraq təhlükəsizlik qərarları vermək səlahiyyətini saxlayır. “Reuters”-in hüquq ekspertlərinə istinadən yazdığına görə, belə hökumətlərdən böyük qərarlarda təmkin gözlənilsə də, təcili təhlükəsizlik məsələlərində hərbi əməliyyat hüquqi baxımdan istisna edilmir.

Yeni seçki ehtimalı qalır

İsrail qanunvericiliyinə əsasən, prezident parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra hökumət qurmaq şansı daha yüksək hesab etdiyi deputata mandat verir. Həmin şəxsə ilkin olaraq 28 gün, zərurət yaranarsa əlavə maksimum 14 gün verilə bilər.

Yusubzadə isə erkən seçkini mümkün ssenarilərdən biri hesab edir:

“Mənim siyasi qiymətləndirməmə görə, Netanyahu əvvəlcə ona veriləcək hökumət qurmaq müddətindən maksimum istifadə etməyə çalışacaq. Razılaşma əldə olunmasa, yeni seçki ehtimalı yenidən gündəmə gələcək”.

“Reuters” də koalisiya danışıqları uğursuz olarsa İsrailin yenidən seçkiyə gedə biləcəyini əsas variantlardan biri kimi göstərir.

Yusubzadənin fikrincə, hazırkı nəticənin əsas mesajı budur: İsrail seçkini keçirdi, amma hakimiyyət məsələsini həll etmədi. İndi əsas siyasi mübarizə seçki qutularından koalisiya danışıqları masasına keçir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.