Nikolas Maduronun hakimiyyəti dövründə Venesuela müxalifətinin iqtisadçılardan ibarət bloku ABŞ üçün trilyon dollarlıq fürsət kimi qiymətləndirilən genişmiqyaslı plan hazırlamışdı. Həmin plana əsasən, azad bazar prinsiplərinə əsaslanan və liberallaşdırılmış Venesuela ABŞ investorları üçün cəlbedici iqtisadi platforma kimi təqdim edilirdi.
Baxmayaraq ki, Venesuela müxalifəti ABŞ-nin müdaxiləsini açıq şəkildə alqışladı, Donald Tramp müxalifətin əsas simalarından biri olan Mariya Korina Maçadonu dəstəkləməkdən imtina etdi. Bununla belə, Tramp üçün əsas prioritet siyasi fiqurlar deyil, iqtisadi və ticari fürsətlərdir. O, Venesuela məsələsini də məhz trilyon dollarlıq potensial mənfəət prizmasından dəyərləndirməyə davam edəcək.
İran üçün siqnal
Maduronun devrilməsi İranda davam edən etiraz aksiyaları fonunda Tehran üçün ciddi psixoloji və siyasi şok effekti yaradır. ABŞ və İsrail İranı yeni və fərqli bir perspektivdən təzyiq altında saxlamağa çalışa bilər. Venesuelada həyata keçirilən əməliyyatın əsas xüsusiyyəti ondan ibarət idi ki, ABŞ hava hücumundan müdafiə sistemlərini məcburi şəkildə sıradan çıxarmadan strateji məqsədlərinə nail oldu.
Bu presedent fonunda İranın təhlükəsizlik baxımından kritik obyektlərinin ətrafında yerləşdirilmiş hava hücumundan müdafiə sistemlərinin neytrallaşdırılması ssenariləri nəzərdən keçirilə bilər. Lakin burada bir neçə mühüm amil xüsusi diqqət tələb edir.
- İranda ictimai rəy güclü ideoloji çalarlarla formalaşdırılan fundamental institutların nəzarəti altındadır.
- Bundan əlavə, İran cəmiyyəti xarici müdaxiləyə qarşı müqayisəedilməz dərəcədə daha güclü müqavimət refleksinə malikdir.
- Digər tərəfdən, İranın zəngin təbii sərvətlərinə çıxış Venesuela ehtiyatlarına yönəlik nisbətən əlverişli hərbi model qədər asan və risksiz deyil.
Məhz, bu səbəbdən yaxın perspektivdə ABŞ və İsrailin İranla birbaşa hərbi gərginliyi artırmamaq barədə qeyri-rəsmi razılığa gələ biləcəyi istisna olunmur. Bununla yanaşı, İran daxilində genişmiqyaslı və yüksək intensivlikli kəşfiyyat əməliyyatlarının aparılması ehtimalı kifayət qədər yüksək olaraq qalır.

Analitik şərh | Akşin Kərimov, STM-nin əməkdaşı