Bolsonaru ölkədən qaçdı

Braziliyada prezident seçkilərində məğlub olan Flaviu Bolsonaru ölkədən çıxış qadağasına baxmayaraq ABŞ-yə gedib. Onun Mayamidə qardaşı Eduardo Bolsonaru ilə görüşdüyü bildirilir.

78

Braziliyada prezident seçkilərinin ikinci turunda məğlub olan senator Flaviu Bolsonaru məhkəmənin ölkədən çıxış qadağasına baxmayaraq ABŞ-a gedib. Braziliya mediasının məlumatına görə, siyasətçi Floridada qardaşı Eduardo Bolsonaru ilə görüşüb. ABŞ Dövlət Departamenti isə Bolsonaru və ailəsinə ölkəyə giriş vizalarının veriləcəyini təsdiqləyib.

MSNews.az xəbər verir ki, “Reuters” agentliyi oktyabrın 27-də Bolsonarunun ABŞ-a getdiyini ona yaxın şəxslərə və Amerika hökumətindəki mənbələrə istinadən təsdiqləyib.

Braziliyanın “O Globo” nəşrinin məlumatına əsasən, Bolsonaru Mayamiyə çatdıqdan sonra qardaşı Eduardo tərəfindən qarşılanıb.

Texasda yaşayan Eduardo Bolsonarunun həyat yoldaşı və uşaqları ilə birlikdə Floridaya gəldiyi bildirilir.

Mənbələr Eduardonun qardaşının Braziliyadan çıxmasını ABŞ rəsmiləri ilə əlaqələndirərək təşkil etməyə kömək etdiyini iddia edirlər. Lakin Amerika hakimiyyətinin mümkün qaçış əməliyyatında iştirakına dair müstəqil təsdiq yoxdur.

Oktyabrın 26-da Braziliya Ali Federal Məhkəməsinin hakimi Aleksandre de Moraes Flaviu Bolsonaruya pasportlarını 24 saat ərzində Federal Polisə təhvil vermək göstərişi verib.

Qərar siyasətçinin adı keçən çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində qəbul olunub. Bolsonaru ittihamları rədd edir.

O, həmin gün yayımladığı videoda Braziliyanı tərk etməyəcəyini və ölkədə qalaraq Lula hökumətinə qarşı müxalifəti təşkil edəcəyini bildirmişdi.

Lakin ertəsi gün siyasətçinin ABŞ-a getdiyi məlum olub.

Braziliya Federal Polisi pasportların təhvil verilməməsindən sonra onları ləğv edib. Siyasətçinin ölkə sərhədini hansı marşrutla keçdiyi isə hələ tam müəyyənləşdirilməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.