Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə həyata keçirilən “CareerPlus” Proqramı çərçivəsində Bakı Dövlət Universitetində (BDU) Karyera Forumu təşkil olunub. Oktyabrın 19-da keçirilən tədbirdə gənclərin əmək bazarına hazırlığı, işəgötürənlərin gözləntiləri və müasir karyera imkanları müzakirə edilib.
MSNews.az xəbər verir ki, forum Elm və Təhsil Nazirliyinin dəstəyi, BDU-nun tərəfdaşlığı, ATGTİ, BDU Tələbə Gənclər Təşkilatı və universitetin Karyera və Məzunlarla İş Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan forumda BDU-nun prorektoru Əliş Ağamirzəyev, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova və ATGTİ sədri Rəşad Zeynalov çıxış ediblər.
Çıxışlarda gənclərin peşəkar inkişafı, əmək bazarının tələblərinə uyğun bacarıqlar qazanması və karyera imkanlarının genişləndirilməsi məsələlərinin əhəmiyyəti vurğulanıb.
Forum çərçivəsində “İlk işə qəbul, işəgötürənlərin gözləntiləri və gənclərin qarşılaşdığı çətinliklər” mövzusunda panel sessiyası keçirilib.
Müzakirələrə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nümayəndəsi Ayşəm Balayeva, Dövlət Məşğulluq Agentliyindən Amin Quluzadə, Unibankın nümayəndəsi Leyla Cəfərli və Azersun Holdingin nümayəndəsi Səadət Alıyeva qatılıblar.
Panel zamanı ilk işə qəbul prosesində yaranan çətinliklər, işəgötürənlərin gənc mütəxəssislərdən gözləntiləri, əmək bazarının aktual tələbləri və məşğulluq imkanları ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılara karyera quruculuğu və peşəkar inkişafla bağlı praktiki tövsiyələr verilib.
Forumun davamında “Gələcəyin Karyerası: AI, Şəxsi Brend və Uğurlu İşə Qəbul” mövzusunda təlim təşkil olunub.
Təlim çərçivəsində süni intellekt vasitəsilə karyera planlaması, effektiv CV hazırlanması, şəxsi brendin formalaşdırılması, müsahibə texnikaları və özünü təqdimetmə bacarıqları barədə məlumat verilib. İştirakçılar interaktiv müzakirələrə və işə qəbul prosesini əks etdirən praktiki simulyasiyalara cəlb olunublar.
Karyera Forumu tələbələrin əmək bazarını daha yaxından tanıması, işə qəbul prosesinə hazırlığının gücləndirilməsi və gələcək peşəkar fəaliyyətləri üçün zəruri bacarıqlar qazanması məqsədi daşıyıb.
Qeyd edək ki, “CareerPlus” Proqramı Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qaliblərindəndir. ATGTİ tərəfindən icra olunan proqram gənclərin karyera inkişafını dəstəkləməyə və məşğulluq imkanlarını genişləndirməyə yönəlib.



















