MSNews.az xəbər verir ki, “EFE” agentliyinin məlumatına görə, ekspedisiya zamanı robotun 6 min metrdən yüksəkdə hərəkət qabiliyyəti, batareyalarının fəaliyyəti və rabitə sistemləri sınaqdan keçirilib. Missiyanın əsas məqsədi insanabənzər robotların ekstremal təbiət şəraitində elmi tədqiqat və ətraf mühitin monitorinqi üçün istifadə imkanlarını öyrənmək olub.
“Pemba José” adlandırılan robot Çin şirkəti “Unitree”nin G1 platforması əsasında hazırlanıb. Ekspedisiyaya ispaniyalı mühəndis Pablo Berlanga və onun həmtəsisçisi olduğu “Geologic Dome” təşkilatı rəhbərlik edib. Boyu 132 santimetr, çəkisi isə 35 kiloqram olan robot alüminium və karbon lifindən hazırlanıb, adi, infraqırmızı və LiDAR kameraları ilə təchiz edilib.
Bununla belə, robotun bütün marşrutu müstəqil şəkildə qalxmadığı bildirilir. Çimboraso zirvəsinə 100-dən çox dəfə qalxmış bələdçi Osvaldo Freirenin sözlərinə görə, Pemba 35 dərəcəyədək maili sahələrdə sərbəst hərəkət edə bilib, marşrutun böyük hissəsində isə komanda tərəfindən daşınıb. “ExplorersWeb” də robotun nisbətən hamar hissələrdə özü yeridiyini, dik və texniki sahələrdə isə insan köməyi aldığını yazıb. Təxminən 16 saat davam edən ekspedisiya bu səbəbdən tam avtonom yüksəliş hesab edilmir.
Pemba zirvəyə çatdıqdan sonra rəqs edib və “Starlink” peyk bağlantısı vasitəsilə canlı yayım həyata keçirib. İlkin nəticələrə əsasən, robotun LiDAR sistemi qar və sərt hava şəraitinə baxmayaraq məlumat toplamağa davam edib. Bu məlumatların gələcəkdə buzlaqların, çayların, su ehtiyatlarının və dağ marşrutlarının öyrənilməsində istifadə olunması planlaşdırılır.
Layihənin müəllifləri və bir sıra media qurumları Pemba hadisəsini 6 min metrdən yüksək zirvəyə çatan ilk insanabənzər robot nailiyyəti kimi təqdim edirlər. “ExplorersWeb” bunu ehtimal olunan yüksəklik rekordu adlandırıb. Lakin nailiyyətin müstəqil beynəlxalq rekord təşkilatı tərəfindən rəsmən təsdiqlənməsi barədə məlumat açıqlanmayıb.
Komandanın növbəti mərhələdə robotu Kotopaksi vulkanında və Havaydakı Mauna Keada sınaqdan keçirmək, daha sonra isə Everestə aparmaq planı var. Everest missiyası üçün Nepalda robotların dağ ekspedisiyalarında istifadəsini tənzimləyən hüquqi qaydaların hazırlanması tələb olunur.
Çimboraso dəniz səviyyəsindən 6 263 metr yüksəklikdə yerləşir və Ekvadorun ən hündür dağıdır. Yer kürəsinin ekvator hissəsində daha geniş olması səbəbindən vulkanın zirvəsi planetin mərkəzindən ən uzaqda yerləşən səth nöqtəsi hesab edilir.