İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin süni intellekt sahəsində ABŞ və Çindən sonra dünyanın üçüncü aparıcı gücünə çevrilməyi hədəflədiyini bildirib.
MSNews.az xəbər verir ki, Netanyahu son açıqlamasında İsrailin qlobal süni intellekt yarışındakı ambisiyalarından danışıb.
“Deyirəm sizə: biz üçüncü süni intellekt supergücü olacağıq. Biz ABŞ-la rəqabət aparmırıq, Çinlə də rəqabət aparmırıq, amma qalan hər kəslə rəqabət aparırıq”, – deyə Netanyahu bildirib.
Baş nazirin açıqlamasını “Clash Report” yayıb.
Netanyahunun açıqlaması İsrail hökumətinin son aylarda süni intellekt sahəsinə yatırımları sürətləndirmək istiqamətində atdığı addımlar fonunda səslənib. Avqustun 9-da ölkənin Milli Süni İntellekt Proqramı təqdim olunub. İsrail hökumətinin məlumatına görə, proqramın əsas məqsədlərindən biri ölkəni AI sahəsində qlobal supergücə çevirmək, digər istiqamət isə texnologiyanın iqtisadi artıma və ictimai rifaha təsirini gücləndirməkdir.
Proqramın təqdimatı zamanı Netanyahu süni intellekti sənaye inqilabı ilə müqayisə etmiş və bu texnologiyanın dünyanı köklü şəkildə dəyişdirəcəyini bildirmişdi. O, İsrailin vaxtilə kibertəhlükəsizlik sahəsində əldə etdiyi mövqeyi AI sektorunda da təkrarlamağa çalışacağını vurğulamışdı. Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
10 avqust 2026-cı il tarixli “Global AI Index” göstəricilərində İsrail ümumi süni intellekt imkanlarına görə 10-cu yerdədir. İlk üçlükdə ABŞ, Çin və Böyük Britaniya qərarlaşıb. İsrail xüsusilə insan kapitalı və texnoloji imkanlar üzrə yüksək nəticə göstərsə də, infrastruktur və dövlət siyasəti kimi istiqamətlərdə rəqiblərindən geri qalır.
İsrail hökuməti qarşıdakı dövrdə hesablama infrastrukturu, süni intellekt prosessorları, elmi tədqiqatlar, kadr hazırlığı və dövlət sektorunda süni intellektin tətbiqini genişləndirməyi planlaşdırır.