Qvardiola Fələstinlə bağlı dünyaya çağırış etdi

İspaniyalı məşqçi Xosep Qvardiola Qəzzada mülki əhalinin üzləşdiyi humanitar böhrana diqqət çəkərək Fələstinə dəstəyin davam etdirilməsinə çağırıb. O, uşaqların ölümünün “əlavə itkilər” kimi təqdim olunmasını pisləyib.

84

İspaniyalı tanınmış futbol məşqçisi Xosep Qvardiola Fələstin xalqına dəstək məqsədilə yeni videomüraciət yayımlayıb. O, Qəzzada həlak olan mülki şəxslərin sadəcə statistik göstəricilər kimi təqdim edilməsini pisləyərək beynəlxalq ictimaiyyəti fələstinlilərin yaşadığı humanitar faciəyə biganə qalmamağa çağırıb.

MSNews.az xəbər verir ki, bu barədə oktyabrın 19-da “Anadolu” agentliyi məlumat yayıb.

Qvardiolanın videomüraciəti BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İspaniya nümayəndəliyinə dəstək kampaniyası çərçivəsində hazırlanıb. Video oktyabrın 18-də sosial şəbəkələrdə yayımlanıb.

Məşqçi çıxışında Qəzzada həyatını itirən insanların yalnız rəqəmlərlə ifadə edilməsinə qarşı çıxıb.

“Onlar sadəcə rəqəm deyil. Onların adları, simaları, ailələri, arzuları və xatirələri var. Onlar ‘əlavə itkilər’ deyil, qız və oğlan uşaqlarıdır”, – deyə Qvardiola bildirib.

O, insanların faciəni gizlədən ifadələrə alışmasının humanitar böhranın əsl miqyasını görməyə mane olduğunu vurğulayıb.

Tanınmış mütəxəssis Qəzzada uşaqların üzləşdiyi ağır şəraitə də diqqət çəkib. Onun sözlərinə görə, azyaşlıların dağıntılar altında valideynlərini axtarması, aclıqla üzləşməsi və həyatlarının ilk illərindən müharibənin ağır nəticələrini yaşaması qəbuledilməzdir.

Qvardiola İsrail hökumətini Qəzzaya humanitar yardımların çatdırılmasını məhdudlaşdırmaqda, həmçinin İordan çayının qərb sahilində fələstinlilərin evlərinin dağıdılması və məcburi köçürülməsi ilə bağlı siyasətinə görə tənqid edib.

Məşqçi dünya ictimaiyyətini Fələstin məsələsini gündəmdə saxlamağa və humanitar yardım fəaliyyətlərini dəstəkləməyə səsləyib.

“Onların həyatı bizim həyatımız qədər dəyərlidir. Onların çəkdiyi əzab bizə yad deyil. Unutmayaq ki, Fələstinlə həmrəyliyə fasilə verilə bilməz”, – deyə o vurğulayıb.

Qvardiola Fələstin xalqının çətinliklər qarşısında göstərdiyi dözümlülüyü yüksək qiymətləndirsə də, insanların daim belə ağır şəraitdə yaşamağa məcbur edilməməli olduğunu bildirib.

O, uşaqların normal həyat şəraitində böyümək, təhsil almaq və təhlükəsiz gələcək qurmaq hüquqlarının qorunmasının vacibliyini qeyd edib.

“The National” nəşrinin məlumatına görə, məşqçi müraciətində UNRWA-nın humanitar fəaliyyətinə maddi dəstək göstərməyə də çağırıb.

Qvardiola çıxışını Fələstin xalqına həmrəyliyin davam etdirilməsinin, mülki insanların müdafiəsinin və regionda sülhün təmin olunmasının vacibliyini vurğulayaraq yekunlaşdırıb.
Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.