Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehrana səfəri çərçivəsində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb. İran tərəfinin görüş barədə yaydığı məlumata görə, Rezai ABŞ Prezidenti Donald Trampın İranla qarşıdurmada çətin vəziyyətə düşdüyünü iddia edib.
MSNews.az xəbər verir ki, görüş Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində baş tutub. Səfər zamanı Mustafayev İran rəsmiləri ilə iqtisadi, nəqliyyat və enerji əməkdaşlığına dair ayrıca görüşlər də keçirib.
İran tərəfinin məlumatına əsasən, görüşdə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları da müzakirə olunub. Tehran bu hücumların beynəlxalq hüquqa zidd olduğunu və İranın hərbi fəaliyyətinin özünümüdafiə xarakteri daşıdığını bildirib. Bu, İran tərəfinin mövqeyidir.
Möhsün Rezai görüş zamanı ABŞ Prezidenti Donald Tramp haqqında sərt ifadələr işlədib.
İran tərəfinin yaydığı məlumata görə, Rezai deyib:
“Tramp elə bir bataqlığa düşüb ki, nə danışıqlar apara bilir, nə də döyüşə bilir”.
Rezai həmçinin İranın ABŞ qarşısında irəli sürdüyü şərtlərin artıq Vaşinqtona çatdırıldığını bildirib.
Rezai sentyabrın 23-də İranın şərtləri yerinə yetirilməyənədək ABŞ-la danışıqlara başlamayacağını və Hörmüz boğazını yenidən açmayacağını demişdi. İranın şərtlərinin Pakistan və Qətər də daxil olmaqla vasitəçilərə təqdim edildiyini bildirmişdi.
Rezai daha əvvəl “Al Jazeera” telekanalına müsahibəsində də şərtlərin Qətər vasitəsilə Vaşinqtona göndərildiyini açıqlamışdı. Onun sadaladığı əsas tələblər arasında bütün cəbhələrdə müharibənin dayandırılması, İranın dondurulmuş vəsaitlərinin azad edilməsi və ABŞ-ın dəniz blokadasına son qoyulması var.
Hazırda ABŞ və İran arasında birbaşa razılaşma əldə edilməyib. Bununla belə, tərəflər vasitəçilərlə ayrıca təmasları davam etdirirlər. “Reuters”-in məlumatına görə, son diplomatik təşəbbüslərdə müharibənin dayandırılması, Hörmüz boğazının açılması, sanksiyalar və İranın nüvə proqramı əsas müzakirə mövzularıdır.
Donald Tramp isə sentyabrın 29-da İrana sanksiyaların yumşaldılması və dondurulmuş aktivlərin açılması ilə bağlı güzəşt təklif etdiyi barədə xəbərləri təkzib edib.