Rusiya yeni “qısamüddətli xüsusi hərbi əməliyyat”a hazırlaşır?

Rusiyanın dövlət agentliyi “RİA Novosti”də dərc olunan köşə yazısında Litva ilə mümkün hərbi qarşıdurma və raket zərbələri ssenarisi müzakirə edilib. Material bir neçə saat sonra agentliyin saytından silinib.

15

Rusiyanın dövlət informasiya agentliyi “RİA Novosti” sentyabrın 25-də Litva ilə mümkün hərbi münaqişədən bəhs edən və “Rusiyanı daha bir xüsusi hərbi əməliyyat gözləyir. O, çox qısa olacaq” başlığını daşıyan köşə yazısı yayımlayıb. Məqalədə raketlərdən, kontekstdə isə nüvə başlıqlarından istifadə oluna biləcək ssenari müzakirə edilib. Material daha sonra agentliyin saytından silinib.

MSNews.az xəbər verir ki, məqalənin müəllifi “RİA Novosti”nin köşə yazarı, “RuBaltic.Ru” portalının baş redaktoru Aleksandr Nosoviçdir. “Dozhd”un məlumatına görə, yazı sentyabrın 25-i səhər saatlarında agentliyin saytında yayımlanıb.

Nosoviç Litva ilə mümkün qarşıdurmanın coğrafi səbəblərə görə Ukraynadakı müharibədən daha qısa olacağını iddia edib. Müəllif yazıb ki, Rusiya belə bir ssenaridə quru qoşunlarını göndərmədən də hərəkət edə bilər və “müvafiq döyüş başlığı” daşıyan raketlərdən istifadə variantını nəzərdən keçirə bilər.

Yazıya səbəb kimi Litva Seymində Konstitusiyanın 137-ci maddəsinin ləğvi ilə bağlı müzakirələr göstərilib. Hazırkı maddə ölkə ərazisində kütləvi qırğın silahlarının və xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsini qadağan edir. Sentyabrın 22-də deputatlar maddənin ləğvi istiqamətində növbəti mərhələyə keçməyə 99 səslə razılıq veriblər.

Dəyişiklik hələ qüvvəyə minməyib. Konstitusiya proseduruna əsasən, layihə daha iki dəfə səsvermədən keçməli və hər dəfə 141 deputatdan ən azı 94-nün dəstəyini almalıdır. İlk yekun səsvermənin oktyabrın 6-da, sonuncunun isə 2027-ci il yanvarın 12-də keçirilməsi planlaşdırılır.

Rusiya rəsmiləri də daha əvvəl Litvanın nüvə silahlarına dair konstitusiya məhdudiyyətini ləğv etmək planına sərt reaksiya veriblər. Kremlin sözçüsü Dmitri Peskov Litvada Rusiyaya yönəldilmiş nüvə silahlarının yerləşdiriləcəyi təqdirdə ölkə ərazisinin Rusiya nüvə qüvvələrinin hədəfinə çevriləcəyini bildirmişdi. Litva rəsmiləri isə dəyişiklikləri NATO-nun çəkindirmə imkanlarını gücləndirmək məqsədi ilə izah edirlər.

“RİA Novosti” sözügedən köşə yazısını yayımlandıqdan bir neçə saat sonra saytından silib. Agentlik materialın silinməsinin səbəbi barədə ilkin olaraq açıqlama verməyib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti