ABŞ universitetlərində müsəlman din xadimləri təhdid və məhdudiyyətlərlə üzləşirlər

ABŞ universitetlərində çalışan müsəlman dini məsləhətçilər Qəzza müharibəsindən sonra təhdid, təqib və Fələstin mövzusunun müzakirəsinə qoyulan məhdudiyyətlərlə üzləşdiklərini bildiriblər.

31

ABŞ universitetlərində çalışan müsəlman dini məsləhətçilər Qəzzada müharibə başladıqdan sonra təhdid, təqib və Fələstin mövzusunun müzakirəsinə qoyulan məhdudiyyətlərlə üzləşdiklərini bildiriblər. Onların sözlərinə görə, yaranmış vəziyyət müsəlman tələbələrin dini kimliyinə və universitet həyatına da təsir göstərir.

MSNews.az xəbər verir ki, bu barədə “Religion News Service”  agentliyinin sentyabrın 11-də dərc etdiyi araşdırma xarakterli məqalədə məlumat verilib.

Müsəlman Kapellanlar Assosiasiyasının məlumatına əsasən, hazırda ABŞ universitetlərində təxminən 80 tamştatlı müsəlman dini məsləhətçi fəaliyyət göstərir. Halbuki 2001-ci il 11 sentyabr terror aktlarından əvvəl ölkənin ali təhsil müəssisələrində belə vəzifələr olduqca az idi və onların əksəriyyəti könüllülük əsasında icra olunurdu.

Məqalədə bildirilir ki, müsəlman kapellanlar tələbələrə dini və mənəvi dəstək göstərir, ibadətlərin təşkilinə kömək edir və onların universitet mühitinə uyğunlaşmasına dəstək olurlar.

Lakin 2023-cü ilin oktyabrında Qəzzada müharibə başladıqdan sonra bu fəaliyyət yeni çətinliklərlə üzləşib.

Müsəlman Kapellanlar Assosiasiyasının katibi Cey Starrın sözlərinə görə, dini məsləhətçilər şəxsi məlumatlarının internetdə yayılması, təhdidlər, təqiblər və vandalizm halları ilə qarşılaşıblar.

Dyuk Universitetinin müsəlman kapellanı və assosiasiyanın prezidenti Coşua Salam isə müsəlman tələbələrin davamlı olaraq potensial təhlükə kimi qəbul edilməsindən narahatlığını ifadə edib.

O bildirib ki, bəzi universitet mühitlərində Fələstin haqqında danışmaq, hətta bu ölkənin adını çəkmək belə məhdudlaşdırılır.

Salamın sözlərinə görə, belə münasibət müsəlman tələbələrin öz dini kimliklərini sərbəst ifadə etməsini çətinləşdirir və onların universitet daxilində özlərini təhlükəsiz hiss etmələrinə mənfi təsir göstərir.

Məqalədə Ratqers Universitetinin müsəlman kapellanı Kayzer Aslamın da fikirlərinə yer verilib. O, müsəlman tələbələrin tez-tez özlərini başqalarının onlara aid etdiyi mənfi təsəvvürlərdən müdafiə etmək məcburiyyətində qaldıqlarını bildirib.

Aslamın sözlərinə görə, universitetdə fəaliyyət göstərən İslam Həyatı Mərkəzi tələbələrə dini və mənəvi dəstək verməklə yanaşı, onların öz kimliklərini sərbəst şəkildə ifadə edə biləcəkləri mühit yaradır.

Qeyd edək ki, sözügedən məqalə kapellanların və tələbələrin şəxsi təcrübələrinə əsaslanır. Materialda Fələstin mövzusuna qoyulan məhdudiyyətlərin bütün ABŞ universitetlərinə şamil edildiyini göstərən məlumat və ya intizam tədbirləri ilə bağlı ümummilli statistika təqdim olunmayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.