Ukraynada 1004 cinsi zorakılıq hadisəsi qeydə alınıb – 89%-i Rusiya ilə bağlıdır

BMT-nin yeni hesabatına görə, Ukraynada müharibə zamanı 1004 cinsi zorakılıq hadisəsi sənədləşdirilib. Hadisələrin 89 faizi Rusiya, 11 faizi isə Ukrayna tərəfi ilə əlaqələndirilib.

50

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya-Ukrayna müharibəsi zamanı mülki şəxslərə və hərbi əsirlərə qarşı 1004 cinsi zorakılıq hadisəsini sənədləşdirib. Təşkilatın yeni hesabatına əsasən, təsdiqlənmiş halların 89 faizi Rusiya, 11 faizi isə Ukrayna tərəfi ilə əlaqələndirilib.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters”  agentliyi BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sentyabrın 18-də dərc etdiyi hesabata istinadən məlumat yayıb.

Hesabat 2022-ci il fevralın 24-dən 2026-cı il iyulun 31-dək qeydə alınmış hadisələri əhatə edir. Sənədə əsasən, zorakılıq hallarının böyük əksəriyyəti Rusiya Silahlı Qüvvələrinin, penitensiar xidmətinin və təhlükəsizlik orqanlarının əməkdaşları ilə əlaqələndirilib.

BMT-nin araşdırmasına görə, Rusiyanın nəzarətində olan ərazilərdə və Rusiya daxilində saxlanılan ukraynalı hərbi əsirlər və mülki şəxslər əsir götürülmə, dindirilmə və həbs müddətində sistematik xarakter daşıyan cinsi zorakılığa məruz qalıblar.

Sənədləşdirilmiş hallar arasında zorlama, qrup halında cinsi zorakılıq, cinsiyyət orqanlarına elektrik cərəyanı verilməsi və digər ağır işgəncə üsulları yer alıb.

Hesabatda zorakılıq qurbanlarının əksəriyyətinin kişilər, xüsusilə hərbi əsirlər və saxlanılan mülki şəxslər olduğu vurğulanıb. Bununla yanaşı, qadınların və uşaqların da zorakılığa məruz qaldığı bildirilib.

BMT-nin Ukraynadakı İnsan Hüquqları Monitorinq Missiyasının rəhbəri Daniel Bell qeyd edib ki, müharibə şəraitində cinsi zorakılığın əsasən qadınlara qarşı törədildiyi barədə geniş yayılmış təsəvvürdən fərqli olaraq, Ukraynada sənədləşdirilən hadisələrdə zərərçəkənlərin əksəriyyətini kişilər təşkil edir.

Hesabatda Ukrayna tərəfinin məsuliyyət daşıdığı hallar da əksini tapıb. BMT-nin məlumatına görə, Ukrayna hakimiyyətinin nəzarətində olan ərazilərdə rusiyalı və üçüncü ölkələrdən olan hərbi əsirlərə qarşı qeydə alınmış pozuntuların təxminən yarısı cinsi zorakılıqla hədələmə və cinsiyyət orqanlarına zərbələr endirilməsi ilə bağlı olub. Bununla belə, BMT Ukrayna qüvvələri tərəfindən rusiyalı hərbi əsirlərin zorlanması halını sənədləşdirməyib.

Rusiya tərəfinin Cenevrədəki daimi diplomatik nümayəndəliyi hesabatı şərh etməkdən imtina edib. Ukrayna Xarici İşlər Nazirliyi isə sənədin dərcini alqışlayaraq zorakılığın qarşısının alınması və zərərçəkənlərə kompensasiya verilməsi istiqamətində tədbirlər gördüyünü bildirib.

BMT xəbərdarlıq edib ki, açıqlanan rəqəmlər zorakılığın real miqyasını tam əks etdirməyə bilər. Rusiyanın beynəlxalq müşahidəçilərin işğal altında olan ərazilərə və saxlanma müəssisələrinə girişinə icazə verməməsi araşdırmanın əhatə dairəsini məhdudlaşdırıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.