Alimlər 100 ildən çox müddətdən sonra ilk dəfə pişikkimilər fəsiləsinə aid, indiyədək elmə məlum olmayan yeni vəhşi pişik növü müəyyən ediblər. Boliviyanın dağ meşələrində yaşayan və adi ev pişiyindən də kiçik olan bu heyvana Leopardus tilcayo elmi adı verilib.
MSNews.az xəbər verir ki, bu barədə “National Geographic” elmi tədqiqatlara istinadən məlumat yayıb. “Current Biology” jurnalında dərc olunan araşdırmaya əsasən, bu, 1923-cü ildə pampas pişiyinin təsvir edilməsindən sonra pişikkimilər fəsiləsində tamamilə yeni növün müəyyənləşdirildiyi ilk hadisədir.

Yerli sakinlərin “tilkayo” adlandırdığı bu kiçik yırtıcı And dağlarının şərq yamacında yerləşən Yunqas meşələrində yaşayır. Bədəninin uzunluğu təxminən 46 santimetr, çəkisi isə cəmi 1,4 kiloqramdır. Açıq qəhvəyi xəzini bəbirə bənzər tünd ləkələr örtür.
Yeni növün indiyədək dəqiq müəyyən edilmiş yeganə canlı nümayəndəsi Boliviyadakı Senda Verde heyvan sığınacağında yaşayan Tiqrino adlı erkək pişikdir.
2016-cı ildə yerli sakin onu meşə yaxınlığında taparaq adi pişik balası hesab edib və evinə aparıb. Lakin heyvan böyüdükcə onun vəhşi pişik olduğu məlum olub və bir müddət sonra sığınacağa təhvil verilib.
Bioloq Paola Noqales-Askaruns əvvəlcə Tiqrinonun artıq məlum olan Leopardus tigrinus növünə aid olduğunu düşünüb. Sonrakı müşahidələr və genetik tədqiqatlar isə bu pişiyin ayrıca növ olduğunu ortaya çıxarıb.
Tədqiqatçılar Cənubi Amerikanın müxtəlif ölkələrindən toplanmış 38 vəhşi pişiyin DNT-sini, o cümlədən muzeylərdə saxlanılan səkkiz nümunəni təhlil ediblər.
Nəticədə əvvəllər eyni növə aid edilən bu pişiklərin əslində genetik baxımdan beş fərqli növdən ibarət olduğu müəyyənləşdirilib. Təhlillər tilkayonun digər qohum növlərdən təxminən 1,4 milyon il əvvəl ayrıldığını göstərib.
Yeni növün təbiətdəki sayı, çoxalması və həyat tərzi barədə hələlik kifayət qədər məlumat yoxdur. İlkin müşahidələr onun əsasən gecələr fəal olduğunu və kiçik gəmiricilərlə qidalana biləcəyini göstərir.
Alimlər hesab edirlər ki, yeni növün müəyyənləşdirilməsi onun təbii yaşayış mühitinin qorunması və Cənubi Amerikadakı vəhşi pişiklərin biomüxtəlifliyinin daha dəqiq öyrənilməsi baxımından əhəmiyyətlidir.