Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum PKK lideri Abdullah Öcalana “Silahsızlanma və Strateji Koordinasiya Alt Komissiyası”nda vəzifə verilə biləcəyini açıqlayıb. Bununla belə, Uçumun ifadəsi yekun təyinatdan deyil, gözlənilən qərardan xəbər verir.
MSNews.az xəbər verir ki, Uçum Türkiyə Mətbuat Federasiyasında jurnalistlərlə görüşündə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində yaradılmış dörd alt komissiyadan birinin silahsızlanma və təşkilatın ləğvi prosesinin izlənməsinə cavabdeh olduğunu bildirib. “DHA” onun “yəqin ki, Öcalana bu komissiyada bir vəzifə veriləcək” dediyini yazır.
Uçum İmralı həbsxanasında Öcalanın istifadəsi üçün yaradılan əlavə bölməyə də münasibət bildirib. Onun sözlərinə görə, həmin tikili həbsxanaya bağlı əlavə vahiddir və Öcalanın prosesdəki rolunu daha rahat yerinə yetirməsi üçün nəzərdə tutulub.
Baş müşavir bunun Öcalanın məhkum statusunun aradan qaldırılması və ya faktiki azadlığa buraxılması kimi qiymətləndirilməməli olduğunu xüsusi vurğulayıb.
Uçum prosesin məqsədini PKK-nın silahı tam buraxması və ləğv prosesinin başa çatdırılması kimi təqdim edib. Onun sözlərinə görə, silahsızlanmanın təsdiqlənməsi mərhələsinin mümkün qədər oktyabr-noyabr aylarında, ən gec isə ilin sonunadək yekunlaşdırılması gözlənilir.
Qeyd edək ki, Takip və Qiymətləndirmə Şurasının avqustda keçirilən ilk iclasında Silahsızlanma və Strateji Koordinasiya Alt Komissiyası daxil olmaqla dörd alt komissiyanın yaradılması rəsmən qərara alınıb.